Müasir dövrümüzdə dövlətlərin uğuru təkcə daxili siyasətlə deyil, eyni zamanda xarici siyasətdə əldə etdikləri uğurlarla da ölçülür. Azərbaycan Respublikasının son illərdə beynəlxalq arenada qazandığı uğurlar bir daha sübut edir ki, ölkəmiz dünya siyasətində nüfuzlu, söz sahibi olan dövlətlər sırasına daxil olub. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, suveren siyasət yürüdən, beynəlxalq əməkdaşlığa və sülhə töhfə verən güclü dövlətdir. Bu nailiyyətlərin əsasında isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən müdrik lider, Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial diplomatiya dayanır.
Prezident İlham Əliyevin düşünülmüş və milli maraqlara əsaslanan xarici siyasəti, ardıcıl diplomatik strategiyası, həmçinin beynəlxalq tribunalardakı cəsarətli çıxışları nəticəsində Azərbaycan regionda və dünyada aparıcı siyasi oyunçulardan birinə çevrilib. Azərbaycanın beynəlxalq diplomatiyada əldə etdiyi son uğurlar, eyni zamanda Prezident İlham Əliyevin siyasi lider kimi qlobal arenada artan nüfuzu, beynəlxalq forumlardakı mövqeyi və çıxışları, prinsipial, eyni zamanda konstruktiv yanaşması ölkəmizə olan etimadı daha da möhkəmləndirir. Ölkə Prezidenti yalnız regionda deyil, dünyada sülh, təhlükəsizlik, enerji sabitliyi və əməkdaşlıq kimi önəmli sahələrdə aparıcı aktorlardan biri kimi qəbul olunur. Həmçinin dünya liderləri ilə ikitərəfli görüşlərdə nümayiş etdirdiyi dövlətçilik mövqeyi, diplomatik çevikliyi və aydın strateji baxışı sayəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanınır.
Təbii ki, Azərbaycanın xarici siyasətində balans prinsipinə əsaslanması dövlətin maraqlarını qorumaqla yanaşı, regionda və beynəlxalq aləmdə sabitliyin təmin olunmasına da töhfə verir. Son dövrlərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Avropa İttifaqı ilə davamlı dialoqu və eyni zamanda ABŞ, Çin və Rusiya kimi böyük güclərlə konstruktiv münasibətləri ölkənin çoxşaxəli diplomatiyasının göstəricisidir. Azərbaycan həm Qərb, həm də Şərqlə uğurlu əməkdaşlıq quraraq enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycanın enerji resurslarından səmərəli şəkildə istifadə etməsi və bu resursları beynəlxalq əməkdaşlıq vasitəsinə çevirməsi isə ölkəmizin xarici siyasətində mühüm rol oynayır.
2020-ci il Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqda isə Azərbaycan diplomatik meydanda da öz sözünü deməyi bacardı. Qarabağın işğaldan azad olunması yalnız hərbi Zəfər deyil, eyni zamanda diplomatik uğurdur. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu Zəfər Azərbaycanın haqlı mövqeyini dünyaya qəbul etdirdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm siyasi, həm diplomatik müstəvidə yeni bir dövrə qədəm qoydu. Prezident İlham Əliyevin səyləri nəticəsində bir çox ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və yeni reallıqları tanıdı. Müharibədən sonra sülh çağırışları, postmünaqişə dövründə həyata keçirilən diplomatik təşəbbüslər və regionda sabitliyin təmin olunması üçün göstərilən səylər Azərbaycanın dünyadakı imicini daha da gücləndirdi. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sabitliyin və inkişafın aparıcı qüvvələrindən birinə çevrilib.
Vaşinqton razılaşması və Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələsi.
Hazırda Azərbaycanın dövlət siyasətində prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin, digər adı ilə desək, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) açılmasıdır. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkənin digər bölgələri ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunmalıdır. Bu tələb tarixi reallığa, beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın əsas məqsədi beynəlxalq hüquqa və tarixi ədalətə uyğun siyasət yürütməkdir. Son illərdə yaranan yeni reallıqlar göstərir ki, bu mövqenin alternativi yoxdur.
Bu istiqamətdə atılan əsas addımlardan biri də Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətli üçtərəfli görüş oldu. Vaşinqton görüşü, əslində, 30 ilə yaxın davam edən gərginlik və müharibələr dövründən sonra yeni geosiyasi reallığın rəsmiləşdirilməsidir. ABŞ-ın vasitəçi qismində çıxış etməsi isə Cənubi Qafqazın beynəlxalq gündəmdəki çəkisini şübhəsiz artırır. Burada əsas məsələlərdən biri də görüşün Azərbaycan diplomatiyasına yaxından təsiridir. Bu görüş həm sülh prosesini sürətləndirdi, həm də strateji maraqları təmin etdi. Zəngəzur dəhlizi ilə bağlı açıq və qəti mövqenin Vaşinqton sənədinə salınması artıq bu layihənin təkcə regional deyil, beynəlxalq status qazandığını göstərir.
Təbiidir ki, bu razılaşmanın Naxçıvan üçün konkret strateji üstünlükləri danılmaz və çoxşaxəlidir. Zəngəzur dəhlizinin açılması Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirərək, onu regionun nəqliyyat və logistika qovşağına çevirəcək. İqtisadi baxımdan bu, blokada illərini bir az da olsa arxada qoymaq, ixrac və idxal imkanlarını genişləndirmək, xarici sərmayəni cəlb etmək deməkdir. Siyasi baxımdan isə Naxçıvan Azərbaycan dövlətçiliyinin, Qərb və Şərq arasında körpü rolunun canlı nümunəsi olacaq. Bu, Naxçıvanın artıq təkcə regional deyil, həm də qlobal səviyyədə tanınan strateji aktora çevrilməsi deməkdir.
Ermənistanın isə bu razılaşmanı imzalaması onu göstərir ki, artıq onlar da tarixi reallığı qəbul ediblər. İndi gündəmdə qarşılıqlı iqtisadi fayda və sərhəd təhlükəsizliyi məsələləri dayanır. Bu isə regionda uzunmüddətli sülhün əsas şərtidir. ABŞ-ın ümumi bəyənnamə prosesinə şahidlik etməsi isə Rusiya və digər güclərin bölgədəki təsir balansına yeni çalarlar gətirir. Bu, Azərbaycan üçün əlavə diplomatik manevr imkanları deməkdir. Biz təkcə region dövlətləri ilə deyil, dünya gücləri ilə də strateji əməkdaşlıq qururuq. Bu baxımdan Vaşinqton görüşü həm siyasi və diplomatik zəfər, həm də Zəngəzur dəhlizinin əsas açarı sayılır.
Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyəti, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafında rolu
Zəngəzur dəhlizi Azərbaycan üçün tarixi, iqtisadi və geosiyasi baxımdan strateji əhəmiyyətə malik bir layihədir. O, həm Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin təbii kəsişmə nöqtəsini formalaşdıracaq, həm Azərbaycanın tranzit imkanlarını maksimum dərəcədə genişləndirəcək, həm regionda iqtisadi sabitlik və əməkdaşlığı təşviq edəcək, həm də Türk dünyası və Avrasiya məkanında inteqrasiyanın yeni mərhələsinin başlanğıcı olacaq. Bu, XXI əsrdə Azərbaycanın Avrasiya nəqliyyat sistemində mərkəzi qovşaq kimi rolunu möhkəmləndirən və ölkəni regionun iqtisadi güc mərkəzinə çevirən mühüm strateji layihədir. Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması ideyası yalnız regional deyil, həm də qlobal əhəmiyyət kəsb edən layihə kimi dəyərləndirilir. Dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək, Türkiyəyə, oradan isə Avropaya çıxışı təmin edən ən qısa quru marşrutdur. Bu xətt həm də gələcəkdə Türkiyə–Azərbaycan–Mərkəzi Asiya və Çin–Avropa nəqliyyat sistemlərinin birləşməsində əsas körpü rolunu oynayacaq.
Zəngəzur dəhlizi əslində Şərq–Qərb nəqliyyat dəhlizinin təbii davamıdır. Bu layihənin reallaşması nəticəsində Bakı–Tbilisi–Qars xəttinə alternativ və daha qısa marşrut yaranacaq, Naxçıvan üzərindən Türkiyəyə birbaşa dəmir yolu əlaqəsi təmin ediləcək, Azərbaycan yük daşımalarında vaxt və xərc baxımından əlavə üstünlüklər qazanacaq və regionda Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) tranzit potensialı əhəmiyyətli dərəcədə artacaq. Bununla da Azərbaycan ərazisindən keçən Şərq–Qərb xətti Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Zəngəzur–Türkiyə–Avropa marşrutuna çevriləcək. Bu, həm də Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində rolunu daha da gücləndirəcək.
Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə Qərb istiqamətində deyil, həm də Şimal–Cənub dəhlizi ilə inteqrasiya nöqtəsi kimi özünü göstərir. Bu dəhliz sayəsində Rusiya və İran istiqamətindən gələn yüklər Zəngəzur xətti vasitəsilə Türkiyəyə və Aralıq dənizi limanlarına qısa zamanda daşına biləcək və Azərbaycan ərazisində “tranzit qovşağı modeli” formalaşacaq. Yəni, həm şaquli (Şimal–Cənub), həm də üfüqi (Şərq–Qərb) daşımalar birləşəcək və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yüklərin yönləndirilməsi daha çevik və rəqabətədavamlı olacaq. Beləliklə, Zəngəzur dəhlizi iki qlobal dəhlizin kəsişmə nöqtəsinə çevrilərək, Azərbaycanın logistika və ticarət potensialını keyfiyyətcə yeni mərhələyə qaldıracaq.
Həmçinin Zəngəzur dəhlizi geosiyasi və regional təhlükəsizlik baxımından türk dövlətləri arasında fiziki və iqtisadi inteqrasiyanı möhkəmləndirərək Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa bazarlarına birbaşa çıxışını təmin edəcək. O cümlədən Ermənistan üçün regional əməkdaşlıq və iqtisadi dirçəliş imkanları yaratmaqla yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyə töhfə verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi kimi: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına xidmət edəcək. Bu, iqtisadi inteqrasiyanın, qarşılıqlı əlaqələrin və sülhün təminatıdır.”
Zəngəzur dəhlizi və Naxçıvanda sənayenin inkişafı
Ölkə iqtisadiyyatında yeni perspektivlər, Naxçıvanda yaradılmış olan Şərur Sənaye Məhəlləsi və ölkənin 13-cü sənaye zonası olacaq Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi inkişafında mühüm mərhələdir. Bu layihələr Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirəcək, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə daha da strateji əhəmiyyət qazanacaq. Zəngəzur dəhlizi reallaşdıqdan sonra iqtisadi və sosial cəhətdən Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında quru nəqliyyat əlaqəsi tam bərpa olunmaqla yanaşı, həmçinin regionda yeni istehsal və xidmət zonalarının, logistika mərkəzlərinin, sərhəd ticarət məntəqələrinin formalaşması baş tutacaq. Bunun nəticəsində isə bölgənin ticarət dövriyyəsi və tranzit gəlirlər artacaq ki, bu da ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir edəcək. Əlbəttə, Zəngəzur dəhlizi Naxçıvan üçün təkcə nəqliyyat və logistika imkanları yaratmır, həm də yeni iqtisadi inkişaf dövrünün başlanğıcıdır. Naxçıvanın strateji mövqeyi və iqtisadi potensialı onu regionda vacib aktora çevirir.
Naxçıvanın sənaye potensialının gücləndirilməsi həm də bölgədə yeni iş yerlərinin açılmasına, sahibkarlara güzəştli şəraitin təmin edilməsinə, investisiya imkanlarının genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının artırılmasına, ixrac imkanlarının genişlənməsinə və investisiya cəlbediciliyinin artmasına şərait yaradacaq. Zəngəzur dəhlizi ilə muxtar respublikaya daha ucuz xammal gətirilməsi və istehsal olunan məhsulların geniş bazarlara çıxarılması mümkün olacaq. Nəticə olaraq, Naxçıvanda sənaye park və məhəllələrinin yaradılması və Zəngəzur dəhlizinin açılması bir-biri ilə sıx bağlıdır.
İllərlə davam edən blokada və təcrid siyasəti artıq tarixə qovuşur. Qarşımızda böyük imkanlar var; İqtisadi inkişaf, sosial rifah, beynəlxalq əməkdaşlıq. Biz bu fürsətləri dəyərləndirmək üçün hazır olmalıyıq. Naxçıvan artıq regionun açarıdır və bu açar Azərbaycanın əlindədir.
Naxçıvan iqtisadiyyatında yeni dövr
Son dövrə nəzər saldıqda, muxtar respublika iqtisadiyyatında əsaslı dəyişikliyi görmüş oluruq. Əlbəttə, 2025-ci ilin yanvar–avqust aylarında ümumi daxili məhsulun (ÜDM) 5 faiz artması region iqtisadiyyatında davamlı inkişaf tendensiyasının göstəricisidir. Bu artım təkcə statistik rəqəm deyil, həm də sosial rifaha keçid mexanizminin formalaşdığını sübut edir. Ən əsası hər nəfərə düşən ÜDM-in 4,5 faiz artaraq 2257,9 manata çatması, əhalinin gündəlik həyatında iqtisadi sabitliyin təsirini hiss etməyə başladığını göstərir. Bu dövr ərzində orta aylıq əməkhaqqının 6,3 faiz artması sosial müdafiə xərclərinin tam icrası və yaşayış evlərinin tikintisinə yatırımların 44,6 faizə çatması dövlətin bu sahəyə diqqətinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir.
Sənaye sektorunun inkişaf etdirilməsi nəticəsində sənaye məhsullarının 19,1 faiz artması, xüsusilə emal sənayesinin 76,6 faiz təşkil etməsi isə Naxçıvanın artıq xammal ixrac edən deyil, hazır məhsul istehsal edən iqtisadi model qurduğunu sübut edir. Enerji təminatının güclənməsi, mədənçıxarma və ekoloji balanslı siyasət isə iqtisadi sabitliyi möhkəmləndirən digər amillərdir.
Bu artım yalnız daxili bazarı idxaldan qismən azad etmir, həm də ixrac potensialını artırır. Əhalinin bank əmanətlərində bir ildə 54,4 faiz artım qeydə alınması isə muxtar respublikada maliyyə sisteminə güclü etimadın formalaşdığını göstərir. Həmçinin əmanətlərin 93,2 faizinin milli valyutada saxlanılması isə manatın sabitliyinə və bank sektorunun etibarlılığına güvənin artdığını sübut edir.
2025-ci ilin ilk səkkiz ayında ixracın 24,5 faiz artması, idxalın isə 11,7 faiz azalması, Naxçıvanın idxaldan asılı iqtisadi modeldən ixrac yönümlü iqtisadi modelə keçdiyini göstərir. Ən önəmlisi isə odur ki, ixrac artıq xammal deyil, daha çox emal məhsullarına əsaslanır. Bu tendensiya gələcəkdə iqtisadi müstəqilliyi daha da güclənməsi üçün əsas yaradır.
Nəzərə alsaq ki, bütün bu nailiyyətlər təcrid və Naxçıvanın blokada şəraitində əldə olunub, deməli Naxçıvan üçün qarşıda daha böyük perspektivlər dayanır. Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi xəritəsini tamamilə dəyişdirərək, Naxçıvanı birbaşa Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, ixrac potensialını artacaq, sənaye məhsulları daha sərfəli marşrutlarla Avropa və Asiya bazarlarına çıxarılacaq. Logistika, sənaye və xidmət sektorlarında iş imkanlarının genişlənməsi regional inkişafı sürətləndirəcək. Təbii ki, bu da sənayenin inkişafı, yəni istehsal sahələrinin açılması, xarici sərmayənin artması və mövcud istehsal müəssisələrinin ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq və iqtisadiyyatda sürətli diversifikasiyanı təmin edəcək.
Digər tərəfdən, turizm və xidmət sektorunda Naxçıvanın əlçatanlığı artdıqca, bölgəyə turist axını güclənəcək. Otelçilik, iaşə və xidmət sektorunda yeni iş yerləri açılacaq. Bu da əhalinin rifahına birbaşa təsir göstərəcək. Maliyyə sabitliyində ticarət və istehsalın artması ilə dövlət büdcəsinin gəlirləri yüksələcək, sosial xərclərin daha geniş icrası mümkün olacaq. Ən önəmlisi isə bu artım insanların gündəlik rifahına, iş imkanlarının genişlənməsinə şərait yaradacaq.
Regional üstünlüklərə gəldikdə isə Naxçıvan yalnız Azərbaycan üçün deyil, həm də region üçün mühüm tranzit mərkəzə çevriləcək. Bu mövqe həm iqtisadi, həm də siyasi çəkini artıracaq. Həyata keçirilən bu tədbirlərlə paralel olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edəcək və Naxçıvanın iqtisadi dayanıqlılığının daha da güclənməsi və öz daxili resursları hesabına maliyyələşməsi təmin olunacaq.
Bunu umumi fikirlə ifadə etsək, Naxçıvanın iqtisadiyyatı təcrid modelindən tranzit modelinə keçid edir və bu keçid regionun gələcəyini daha da parlaq göstərəcək.
Canməmməd Canməmmədov,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı