Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vətənə xəyanət və digər ağır cinayətlərdə ittiham edilməsi bu qaranlıq şəxsin ömür yolunu diqqət mərkəzinə gətirib.
“İki sahil” xəbər verir ki, KONKRET.az-ın xüsusi qrupu uzun müddətdir ki, apardığı araşdırmalarda sensasion materillar əldə edib.
Həmin araşdırmalara görə, Ramiz Ənvər oğlu Mehdiyev Naxçıvan Muxtar Resublikasının Şərur rayonunun Qarxun kəndində doğulduğu deyilir. Maraqlıdır ki, onun bu kənddə bir qohumu belə yoxdur. Əldə etdiyimiz məlumatlara görə, Mehdiyevin Qarxun kəndində bir əmisi oğlu yaşayıb və o Naxçıvan Kooperativ İttifaqının kənd mağazasında işləyib. Onun Ramiz Mehdiyevin həyatına şahid olduğunu iddia edə bilmərik, onunla danışa da bilmədik, çünki dünyasını dəyişib. Bu gün də illərdir həmin kənddə belə bir söz-söhbət dolaşır ki, Ramiz Mehdiyev körpə ikən çemodana qoyulub və qəbiristanlığa atılıb. Buna görə əsl valideynlərinin kimliyi bəlli deyil. Bəzi iddialara görə, Mehdiyevin valideynləri Ermənistandan Naxçıvana köçüblər.
QISA XÜLASƏ: Hələ 90-cı illərdə deputatlığa namizədliyini verəndə onun rəqibi Sülhəddin Əkbər olub. Naxçıvana təbliğat aparmağa gələn Mehdiyevə seçicilər bildiriblər ki, “Şərurda səni heç it də tanımır”.
Daxil olan digər səhih məlumatlarda isə deyilir ki, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevna erməni əsillidir. Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onun qondarma tərcümeyi-halında 15 fevral 1944-cü ildə Gürcüstanın Poti şəhərində gürcü ailəsində anadan olduğu deyilsə də, Qalina Yuryevnanın anası ermənidir. O, özü də bunu dəfələrdə yaxın qohumlarının, ətrafının yanında fəxrlə bildirib.
Atasının gürcü, anasının erməni olduğu ailə çox kasıb olub. Alina Manukyanın qızı Qalina 1960-1965-ci illərdə Suxumi Dövlət Universitetində təhsil alıb. Ramiz Mehdiyevlə ikinci ailə həyatından sonra Azərbaycana köçüb və bir müddət sonra ad və familiyası dəyişdirilib.
Xüsusi haşiyəyə çıxaq ki, Ramiz Mehdiyevin də haqqında vikipediya məlumatlarında onun Bakı şəhərində anadan olduğu bildirilir.
Bakı Dənizçilik Məktəbini bitirən Mehdiyevin sorağı 1968-ci ildə Moskvadan gəlir. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olan azərbaycanlı tələbə şüurlu şəkildə rus fədaisinə çevrilir. Məhz rus dövlətinin ideoloji elitasının yaratdığı beyin mərkəzlərinin müxətlif səviyyəli mühazirələrində, məşğələlərində sovet ideologiyasının mahir daşıyıcısı kimi formalaşdırılır.
Ramiz Mehdiyev 1969-cu ildə Azərbaycana göndərilir və siyasi sistemin ideoloji sütunlarından biri olur. Bu dövrdə Mehdiyev qarşısına qoyulan mühüm vəzifələr həyata keçirir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Rusiya xarici kəşfiyyatının ideoloji şöbəsindən kitabça şəklində proqram məzmunlu xüsusi tapşırıqlar alır.
Həmin tapşırıqlar isə belə olur:
Prezident Aparatının rəhbəri vəzifəsinə qədər yüksələn Mehdiyevin əl-qolu açılır. “Akademik” bir ideoloq və “beyin” kimi rusdilli, rusmərkəzli elitanın qorunması işinə böyük dəstək verir.
Hələ Rusiya Prezidenti Boris Yeltsin dönəmində Azərbaycanla bağlı hazırlanan kəşfiyyat məlumatlarında deyilirdi: “Prezident Heydər Əliyev milli kimlik hərəkatına start verdikdən sonra ölkənin aidiyyəti qurumlarına azərbaycançılıq ideologiyasının əsaslarını hazırlamaq kimi mühüm göstərişlər verilib. Eyni zamanda Qərbə inyeqrasiya mühüm yer tutub”.
Əlbəttə, belə bir dönəmdə Mehdiyev öz şəbəkəsi ilə birlikdə hərəkətə keçir.
Mehdiyevin ideoloji yazılarında və çıxışlarında Qərbə meyllilik tez-tez tənqid olunur, bunun əvəzində “sabitlik”, “dövlətçilik” və “mərkəzdən idarə” kimi rus idarəetmə modeli təbliğ edilməyə başlanılır.
Ramiz Mehdiyevin əsas tezisi də elə bu idi: Moskvaya sadiqlik dövlətə sadiqlikdir. İkincisi, ulu öndər Heydər Əliyev irsinə inamsızlıq. Dövlət başçısının Milli Ensiklopediyanın redaksiya heyəti ilə bağlı keçirdiyi məşhur müşavirədə bəlli oldu ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə yeni tərtib edilən redaksiyada 1988-ci ildə Azərbaycan Kommunist Partiyasının baş katibi təyin edilən Əbdürrəhman Vəzirov haqqında geniş məlumat verilsə də, Heydər Əliyev haqqında bir cümlə də yazılmayıb. O dövrdə cənab İlham Əliyev baş redaktor İsmayıl Vəliyevi müşavirədən qovmuşdu. Ancaq hər şey məlum idi. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri kiçildilməli, mümkün olarsa, adı Azərbaycan tarixindən silinməli idi. Rus casusu intiqamını belə almaq istəyirdi.
Rusiya sivilizasiyasını “daha dərin”, “mənəvi” sayan Mehdiyev ləyaqətli kadrları “dövlətə təhlükə” kimi qələmə verirdi. O səlahiyyətini aşaraq şəbəkəsində özünə yaxın, eyni təfəkkürlü adamları elm, dövlət idarəçiliyi, mədəniyyət və KİV-də yerləşdirir, özünün “dərin dövlət”ini və ya “köhnə sistem”ni yaratmağa cəhd edir.
Bu gün sabiq məmurların xatirələrində yekdil belə bir fikir var ki, Ramiz Mehdiyev onunla rus dilində danışmağı tələb edirdi. Bu isə ondan irəli gəlirdi ki, sonralar özünü “boz kardinal” adlandıran oliqarx rus dilini üstün tutur, rus klassiklərinə istinad edir, milli mədəniyyəti ikinci dərəcəli görürdü.
O məhz Prezidentin sabiq köməkçisi Əli Həsənovun vasitəsilə Azərbaycanda yeni informasiya qaynaqları kimi Rusiya KİV-ini gətirir. Sputnik-Azərbaycan bunun bariz nümunəsi olur. Onun iş masasını isə “Komsomolskaya Pravda”, “Rossiyskaya Gazeta” və digər rus nəşrləri “bəzəyir”.
Mehdiyevin gizli daxılında isə proqram şəklində hazırlanmış broşura xüsusi əhəmiyyət daşıyır. Həmin broşurada altından xətt çəkilmiş cümlələrdən birində deyilir: “Azərbaycanı Qərbə çox yaxınlaşmaqdan çəkindirmək, Kremlin narahatlığını ən yüksək tribunalarda, görüşlərdə, eləcə də Prezident Sarayının dəhlizlərində, kluarlarda bildirməklə “rus xofu”nu yaymaq ən ümdə vəzifədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll açarı məhz bu yoldan keçir”.
Mehdiyev gücləndikcə, aldığı digər göstərişlər də icra olunur: Hakimiyyət elitasında rusyönlü kadrlardan ibarət şəbəkə formalaşır. Sonralar Mehdiyevin təsir dairəsində məmur, alim və media fiqurları kimi bir qrup yaranır. Bu qrup 30 il rus ideoloji və intellektual təsirini uğurla saxlaya bilir.
Ramiz Mehdiyevin məharəti ondan ibarət olur ki, onun casus olması ilə bağlı sübutları toplamaq müşkül məsələyə çevrilir.
Lakin Prezident İlham Əliyevin idarəçiliyi dövründə ideoloji və sistemli bağlılıq formasını həyata keçirən Mehdiyevin kəşfiyyat mənasında “agent” olduğu öz təsdiqini tapır. ABŞ-ın Fətulla Gülən sistemi kimi Azərbaycanda qurulan Mehdiyev sistemi klassik kəşfiyyat mexanizmlərindən fərqlənir. Belə ki, Mehdiyev mütləq casus kimi məlumat ötürmür, sadəcə siyasi qərarlara, informasiya axınına və ictimai rəyə təsir göstərmək öhdəlyini daşıyır.
Mehdiyev uzun illər öz postundan istifadə edərək eyni xəttə sadiq adamları vəzifələrə gətirməklə güclü şəbəkə yarada bilir. Əlbəttə, Mehdiyevin çətiri altında olan adamlar gözdən-könüldən uzaq olan “çaparlar” vasitəsilə məlumat sızmasını da məharətlə gerçəkləşdirirlər. Rəsmi sənədlər, danışıqlar, iqtisadi və hərbi məlumatlar belə kuryerlər vasitəsilə ötürülür. Bu, bəzən ailə, biznes, akademik əlaqələr adı ilə ört-basdır edilir.
Ramiz Mehdiyev siyasi qərarların manipulyasiyası öhdəliyini də həmişə uğurla həyata keçirir, Rusiyanın dövlət maraqlarına uyğun qərarlarını “daxili siyasi məntiq” adı altında təqdim edir. Müəyyən enerji layihələrini ləngitmək, Qərb yönlü kadrların nüfuzunu sarsıtmaq, onları ləkələmək, Rusiya təsir dairəsində qalmaq üçün təzyiq yaratmaq ustalığın nümayiş etdirir.
FAKT: Azərbaycanda dövlətə və prezidentə sadiq kadrlar, dövlət qulluqçuları və peşəkar diplomatların şərlənməsi mexanizmi saat kimi işləyir. İş o yerə çatır ki, Heydər Əliyev Fondunun xaricdəki layihələrinə müxtəlif üsullarla maneçilik törədilir. Fondun dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində keçirilən layihələrə mane olmaq məqsədilə dəfələrlə səfirə və diplomatik korpusa müxtəlif təzyiqlər göstərilir. İş o həddə çatır ki, Ramiz Mehdiyevin əlaltıları 2014-ci ilin oktyabrında telefon açaraq Fondun xətti ilə keçirilən tədbirlərə son veriləcəyi təqdirdə müxtəlif şirnikləndirici vədlər verirlər.
Əldə etdiyimiz daha dəhşətli faktlardan biri də budur ki, onun qurduğu sistem vasitəsilə yığılan çamadan-çamadan rüşvətlərin bir qismi Rusiyadakı elitaya da göndərilir. Beləliklə, “Çemodan Ramiz” ləqəbi ona təkcə körpə ikən çemodanda qəbiristanlığa atıldığına görə deyil, həm də çemodanla rüşvət aldığına görə verilib.
Marksizm-leninizm, partiya sədaqəti və “böyük rus mədəniyyəti” konsepti əsasında işləyən Mehdiyev qurduğu düşüncə sisteminin gizli giriş-çıxışlarını da təmin edib. Belə ki, onun villalarında tunellər, qonşu olduğu yüksək rütbəli şəxslərlə gediş-gəliş qapılarının gizlədilməsi dediyimiz məqamlara aydınlıq gətirir.
Ancaq 2019-cu ildə Prezident İlham Əliyevin güclü iradəsi ilə rus agenti şəbəkəsi hakimiyyət eşalonundan uzaqlaşdırılır. Məhz Ramiz Mehdiyev, Əli Həsənov, Nəcməddin Sadıkov kimi yüksən ranqlı məmurların işdən kənarlaşdırılması ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası işində yeni mərhələ başlanılır. 44 günlük müharibə bir daha onu göstərir ki, Müzəffər Ali Baş Komandan vaxtında müdrik və strateji qərar qəbul edib. Məhz Prezidentin dəmir iradəsi ilə artıq belə fiqurlar vəzifələrdə qala bilməyəcək. Çünki Azərbaycanda sovetdən qalma və milli identiklik əsasında formalaşan yeni reallığa uyğunlaşa bilməyən kadr bazasından imtina olunur.
Ölkədə institusional boşluq aradan qalxıb. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra milli ideoloji baza yeni mərhələyə qədəm qoyub. Ölkəmiz Zəfər tarixinin ən təntənəli dövrünü yaşayır. Azərbaycanda yeni elitanın formalaşdırılması prosesi gedir. Milli dəyərlər, milli intellektual sinif daha çoxluq təşkil edir.
İnformasiya müstəqilliyi isə tam təmin olunub. Rus KİV-i təsiri aradan qaldırılıb, özümüzün analitik media institutları yaradılıb.
Fadil Paşayev,
əməkdar jurnalist