19 oktyabr 2025 21:21
127

Qazaxıstanda robot-cərrahın köməyi ilə beyin əməliyyatları həyata keçiriləcək

Karaqanda şəhərindəki çoxprofilli xəstəxanada Qazaxıstanda ilk dəfə yeni nəsil neyrocərrahi kompleks olan “Remebot RM-200” adlı robot qoyulub.

“İki sahil” “Kazinform” agentliyinə istinadla xəbər verir ki, süni intellektlə təchiz edilmiş bu qurğu həkimlərə beyin üzərində əməliyyatları inanılmaz millimetrdən az dəqiqliklə yerinə yetirməyə imkan verəcək.

“Remebot RM-200” tibbi məlumatları analiz etməyə və əməliyyat zamanı cərrahlara kömək göstərməyə qadir olan intellektual sistemdir.

Xəstəxananın direktoru Erkin-Dauir Kurmanqaliyevin sözlərinə görə, bu texnologiyanın tətbiqi hər il 300-dən çox yüksək texnologiyalı neyrocərrahi əməliyyatın aparılmasına, prosedurların invazivliyinin azaldılmasına və xəstələrin bərpa müddətinin qısaldılmasına imkan verəcək. “Əməliyyat zamanı hədəf nöqtəyə çıxma dəqiqliyi millimetrdən də azdır. Bu, Parkinson xəstəliyi, epilepsiya, beyin şişləri olan pasiyentlərin əməliyyatını, həmçinin stereotaksik müdaxilələr və hematomaların çıxarılmasını yüksək uğur ehtimalı ilə həyata keçirməyə şərait yaradır”, – deyə o bildirib.

Karaqanda neyrocərrahları artıq bu cür komplekslərin geniş istifadə olunduğu Çində təlim keçiblər. Orada mütəxəssislər sistemlə işləmək üzrə praktiki bacarıqlarını möhkəmləndirmək məqsədilə bir sıra sınaq əməliyyatları həyata keçiriblər.

Robotlaşdırılmış qolun “Reme-Hybrid” hibrid texnologiyası hərəkətlərin zərgər dəqiqliyini və toxumalara minimal təsiri təmin edir.