Almaniya Bundestaqı Silahlı Qüvvələrin (Bundesver) iki beynəlxalq missiyada - Cənubi Sudandakı BMT missiyasında (UNMISS) və Qırmızı dənizdəki Avropa İttifaqı missiyasında (EUNAVFOR Aspides) iştirakını uzadıb.
“İki sahil” xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinnin məlumatına görə, hər iki missiyanın müddəti 2026-cı il oktyabrın 31-dək uzadılıb. Bundesver BMT-nin Cənubi Sudan missiyasında 2011-ci ildən iştirak edir. Missiyanın əsas məqsədi mülki əhalinin qorunması, 2018-ci ildə imzalanmış sülh sazişinin icrasına dəstək, insan haqlarının müşahidəsi və humanitar yardım üçün şəraitin yaxşılaşdırılmasıdır. Almaniya bu missiyada hərbi müşahidəçilər və ekspert heyəti ilə təmsil olunur. Missiyanın uzadılması ölkədə təhlükəsizlik vəziyyətinin hələ də həssas olması və əhalinin böyük hissəsinin humanitar yardıma ehtiyacı ilə izah edilir.
“EUNAVFOR Aspides” əməliyyatı isə Avropa İttifaqı tərəfindən ötən il fevralın 8-də təsis olunub. Almaniyanın iştirakı Bundestaq tərəfindən həmin il fevralın 23-də təsdiqlənib. Missiyanın məqsədi Qırmızı dəniz və Bab əl-Mandab boğazında ticarət gəmilərinin Yəmənin Husi silahlılarının hücumlarından qorunması və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsidir. Almaniya bu missiyada Larissadakı qərargah heyəti, əməliyyatın rəhbərlik gəmisi üzərində heyət, hava patrulları və gəmi-kater iştirakçıları ilə təmsil olunur. Mandatın uzadılması Husilərin davam edən hücumları və ticarət marşrutlarının təhlükəsizliyinin təmin olunması zərurəti ilə əsaslandırılıb.