17 oktyabr 2025 10:34
110

Türkiyədə "Can Holding" işi üzrə daha 26 nəfər saxlanılıb

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "Can Holding" istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb.

Bildirilib ki, əməliyyatla "Can Holding"in daha əvvəl ev dustaqlığı qərarı verilmiş rəhbərlərindən biri Kenan Tekdağ da daxil olmaqla 26 şübhəli saxlanılıb.

Məlumat üçün xatırladaq ki, bir müddət öncə keçirilən əməliyyat zamanı "Can Holding"ə daxil olan 121 şirkətə həbs qoyulub.

Həmin şirkətlər arasında "Habertürk" və "Show TV" kimi böyük media qurumları da var. Sözügedən şirkətlərin 8 yüksək vəzifəli şəxsi barəsində həbs qərarı verilib.

"Can Holding"ə yönəlik araşdırmada təşkilatın qurucusu və rəhbəri olduğu iddia edilən Kemal Can cinayət törətmə məqsədilə təşkilat qurma və idarə etmə, əmlak dəyərlərinin mənbəyini gizlətmək ittihamı ilə həbs edilib.

Araşdırma çərçivəsində "Can Holding"in "Show TV" və "Habertürk" kimi media qurumlarını satın alan "Ciner Holding"in sahibi Turgay Ciner haqqında da həbs qərarı çıxarılmışdı. Turgay Ciner təşkilat fəaliyyətləri çərçivəsində alış və təhvil əməliyyatlarında əmlak dəyərlərini yumaqla ittiham olunur.