17 oktyabr 2025 09:17
116

KİV: AK Rusiya aktivlərindən istifadə etməklə Kiyevə daha 25 milyard avro ayırmaq istəyir

Avropa Komissiyası (AK) Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya əlavə 25 milyard avro "reparasiya krediti" ayırmağın yollarını axtarır. Beləliklə, Brüssel Rusiya hesablarından istifadə edərək AK-nin sentyabrda Kiyevə köçürmək vəd etdiyi vəsaiti 140 milyard avroya artırmağı gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Avropa paytaxtlarına göndərilən AK sirkulyarından belə çıxır ki, "təzminat krediti" təşəbbüsünün Aİ-dəki digər dondurulmuş Rusiya aktivlərinə şamil oluna biləcəyini nəzərdən keçirmək lazımdır.

Sənəddə həmçinin, qeyd olunub ki, bu prosesin qanuniliyi hələ təfərrüatı ilə qiymətləndirilməyib və belə bir təhlil olmadan heç bir qərar qəbul edilə bilməz.

Avropa İttifaqının maliyyə nazirlərinin noyabrda keçiriləcək iclasda AK təklifini müzakirə edəcəkləri gözlənilir.

"Əgər onlar Ukraynaya kredit verməyə razılaşsalar, bu vəsait Ukraynanın müdafiə sektorunun texnoloji və sənaye bazasının inkişafına və onun Avropa hərbi-sənaye kompleksinə inteqrasiyasına sərf olunacaq", - deyə məqalədə qeyd olunub.

Sentyabrın 10-da Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib ki, AK Rusiyanın Qərbdəki dondurulmuş aktivlərini müsadirə etmək niyyətində deyil, onlardan Ukraynaya kreditlər vermək üçün istifadə edəcək.

Rusiyanın Avropada dondurulmuş aktivlərinin əksəriyyəti - 200 milyard avrodan bir qədər çoxu Belçikadakı Euroclear platformasında bloklanıb. Depozitar onların özgəninkiləşdirilməsinə dəfələrlə qarşı çıxıb və xəbərdarlıq edib ki, bu, Rusiyanın dünyanın başqa yerlərində Avropa və ya Belçika aktivlərini hüquqi tədbirlərlə ələ keçirməsinə gətirib çıxara bilər.