17 oktyabr 2025 08:50
135

Səudiyyə Ərəbistanı Məkkədə “Kral Salman Qapısı” adlı nəhəng layihəyə start verib

Səudiyyə Ərəbistanı dünyanın ən böyük məscidi olan əl-Məscidül-Həramın yanında yerləşəcək “Kral Salman Qapısı” adlı 12 milyon kvadratmetrlik nəhəng tikinti layihəsini elan edib.

“İki sahil” xəbər verir ki, layihənin başlanmasını Vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud açıqlayıb. Bu təşəbbüs iqtisadiyyatın şaxələndirilməsi üzrə “Milli Baxış 2030” proqramının bir hissəsidir.

Məlumata görə, “Kral Salman Qapısı” əl-Məscidül-Həramın yanında yerləşən çoxfunksiyalı kompleks olacaq. Layihənin məqsədi Məkkənin infrastrukturunun inkişafında keyfiyyət dəyişikliyinə nail olmaq və şəhəri qlobal şəhərsalma modelinə çevirməkdir.

Planlara əsasən, 2036-cı ilə qədər kompleks 900 min dindarı qəbul edə biləcək. O, qapalı ibadət zalları, açıq həyətlər, yaşayış binaları, mədəniyyət və xidmət məkanlarını əhatə edəcək.

Layihə çərçivəsində həmçinin 19 min kvadratmetr mədəni-tarixi ərazinin bərpası və 300 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.