17 oktyabr 2025 12:49
104

Azərbaycan kiberhücumlara qarşı müdafiə sistemini gücləndirir

Ekspert: Hazırda kibermüdafiə məsələsi milli təhlükəsizlik strategiyasının əsas komponentlərindən biri kimi qəbul olunur

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi XXI əsrdə dövlətlərin suverenliyi təkcə fiziki sərhədlərlə deyil, həm də kiberməkanla müəyyən olunur. Bu gün informasiya təhlükəsizliyi və rəqəmsal müstəqillik milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Süni intellekt günümüzdə milli infrastrukturun əsas komponentlərindən birinə çevrilib. Lakin rəqəmsal mühitə inteqrasiya dərinləşdikcə, kiberhucumlar qarşısında zəiflik də artır. Kibertəhlükəsizlik anlayışı artıq yalnız serverlərin və antivirusların müdafiəsi ilə məhdudlaşmır. Bu səbəbdən rəqəmsal təhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, milli təhlükəsizliyin strateji istiqamətlərindən biri hesab olunur. Azərbaycan da son illərdə bu istiqamətdə mühüm qərarlar qəbul edərək rəqəmsal təhlükəsizliyi prioritet hesab edir və kiberhücumlara qarşı dayanıqlı müdafiə mexanizmi formalaşdırmaq, rəqəmsal məkanın qorunmasını təmin etmək istiqamətində ardıcıl addımlar atır.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Azərbaycanın kiberhücumlardan qorunma siyasəti son illərdə sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilir: “Hazırda kibermüdafiə məsələsi milli təhlükəsizlik strategiyasının əsas komponentlərindən biri kimi qəbul olunur və bu istiqamətdə dövlət, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında koordinasiya gücləndirilir.”

Rəqəmsal mühitin qorunması məqsədilə 2025-ci ildə atılan addımlar

Ekspert vurğuladı ki, 2025-ci ildə xüsusilə kritik informasiya infrastrukturlarının mühafizəsi sahəsində mühüm addımlar atılıb: “Dövlət qurumları və strateji əhəmiyyətli müəssisələrdə informasiya sistemlərinin təhlükəsizlik monitorinqi və audit mexanizmləri təkmilləşdirilib. Bu, kiberhücumların erkən aşkarlanmasına və zərərsizləşdirilməsinə real imkan yaradır.”

Elvin Abbasovun sözlərinə görə, digər mühüm istiqamət insan resurslarının və kibermədəniyyətin inkişafıdır. Kibertəhdidlər yalnız texnoloji deyil, həm də davranış səviyyəsində yaranır: “Buna görə də 2025-ci ildə ölkədə maarifləndirmə proqramları, təlimlər və “Cyber Drill” tipli praktiki məşğələlər daha geniş tətbiq olunmağa başlayıb.

Bundan əlavə, beynəlxalq əməkdaşlıq komponenti də önə çıxır. Azərbaycan regional və qlobal kibertəhlükəsizlik şəbəkələrində aktiv iştirak edir, beynəlxalq təşkilatlarla təcrübə mübadiləsini genişləndirir və texnoloji tərəfdaşlıqları gücləndirir.”

Həmsöhbətimiz qeyd etdi ki, beynəlxalq əməkdaşlıq komponenti də önə çıxır: “Azərbaycan regional və qlobal kibertəhlükəsizlik şəbəkələrində aktiv iştirak edir, beynəlxalq təşkilatlarla təcrübə mübadiləsini genişləndirir və texnoloji tərəfdaşlıqları gücləndirir.”

Azərbaycanın kiberhücumlardan qorunma siyasəti artıq reaktiv deyil, proaktiv mərhələyə keçib

“Hücum baş vermədən öncə risklərin aşkarlanması və qarşısının alınması istiqamətində fəaliyyət qurulur. Bu da ölkənin rəqəmsal suverenliyini və informasiya təhlükəsizliyini təmin etmək baxımından mühüm strateji əhəmiyyət daşıyır”, - deyə Elvin Abbasov bildirdi.

Nəticə etibarilə Azərbaycanın kiberhücumlara qarşı mübarizə siyasəti artıq konseptual mərhələdən praktiki mərhələyə keçib. Məqsəd isə rəqəmsal mühiti milli sərhədlərin bir hissəsi kimi qorumaq, informasiya məkanında təhlükəsiz, etibarlı və dayanıqlı ekosistem formalaşdırmaqdır. Bu istiqamətdə görülən işlər sübut edir ki, kibertəhlükəsizlik ölkənin suverenliyini qoruyan strateji müdafiə xəttidir.

Şahnigar Əhmədova, “İki sahil”