Dövlət başçısı İlham Əliyevin Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri bunun bir daha təsdiqi oldu
Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşaraq yenidən nəfəs alır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.
Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun bir sıra kəndlərində, Ağdərənin, Xocavəndin kəndlərində, Kəlbəcər şəhərində keçmiş məcburi köçkünlər evlərlə təmin edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, bura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən artıq insan yaşayır.
Tarixi Zəfərimizdən üç il sonra, yəni 2023-cü ildə Azərbaycan tarixinə digər zəfər səhifələrini yazdı. Bu hadisələrin önündə gələn dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, məğrur Azərbaycan Ordusu Qarabağda separatizmin kökünü kəsməklə üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. 2023-cü il sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri başladı. Bir sutkadan da az davam edən əməliyyat zamanı rəşadətli Azərbaycan Ordusu qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərinin qəbuluna nail oldu. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı idi.
Ölkəmiz həmişə sülhün tərəfdarı olub, hər bir məsələnin ədalət və beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunmasına səy göstərib və göstərir. Dövlət başçısı İlham Əliyev sentyabrın 14-də azad Qarabağa səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, həmçinin Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşlərində bu məqamlara xüsusi diqqət yönəltdi. «İkinci Qarabağ müharibəsi başa çatanda hələ ki, biz bu bölgəyə nəzarət etmirdik. Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq» söyləyən cənab İlham Əliyev bildirdi ki, uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Əlbəttə, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın: «Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi.»
Dövlətimizin başçısı vurğuladı ki, ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi. Ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır: «Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz. Mən sizi təbrik edirəm, sizə xoşbəxt həyat arzulayıram və biz burada əbədi yaşayacağıq.»
Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə də tarixi Zəfərimizdən geniş bəhs etdi. Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən, soydaşlarımızın qayıdışından böyük qürur hissi ilə danışan cənab İlham Əliyev vurğuladı ki, bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik. Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi: «Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır.»
Ermənilər 30 illik işğal dövründə torpaqlarımızı viran qoydular. Amma son beş ildə bu ərazilərimiz cənnət məkana çevrilir. Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər içərisində infrastruktur layihələri mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində bu məqamı önə çəkir ki, əsas infrastruktur layihələrinin icrasını bir-iki ilə başa çatdıracağıq. Ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq”.
Həyata keçirilən infrastruktur layihələri içərisində yolların yenidən qurulması xüsusi yer tutur. Dəmiryol infrastrukturu da bərpa edilir. Qarabağ və Şərqi Zəngəzurda reallaşan infrastruktur layihələri arasında hava yolları da müstəsna əhəmiyyət daşıyır. Artıq Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları tikilərək istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları bölgənin əhəmiyyətini artırmaqla yanaşı, gələcəkdə turizm potensialının artmasına da imkan yaradacaq. Artıq Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı kəndlərin, şəhərlərin şahidi oluruq.
İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri fonunda soydaşlarımızın doğma yurd yerlərinə qayıdışı, bu torpaqlarda yeni həyatın başlanması davamlılığı ilə diqqətdədir. Ötən bu illər ərzində sakinlərinə qovuşan Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinin sırasına bu il Kəlbəcər şəhəri də daxil oldu. İşğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması hər birimizi qürurlandırır. Artıq bu ərazilərimizdə yeni həyat başlayıb. Ötən ilin mayında Şuşa və Xocalı şəhərləri sakinlərinə qovuşdu. Ötən il, həmçinin Qarabağ Universiteti ilk tələbələrini qarşıladı. Tarixi Zəfərimizdən ötən 5 il biri-birindən qürurverici hadisələrlə zəngindir. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan hədəflərə doğru inamla addımlayır.
Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla başa çatacağına böyük əminlik yaradır. Sentyabrın 14-15 tarixlərində Füzuli, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində olan dövlət başçısı İlham Əliyev görülən işlərlə yaxından tanış oldu. Belə ki, Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməli qoyuldu. Bildirildi ki, yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beşotaqlı olmaqla 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır. 2027-2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1075 ailənin, ümumilikdə 4093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beşotaqlı olmaqla 771 fərdi ev və iki-üçmərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.
Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu.2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir. “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb. Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək. Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.
Dövlətimizin başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında da iştirak etdi. O da məlumdur ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlətimiz tərəfindən həmin ərazilərdə ermənilərin dağıtdıqları dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür. Prezident İlham Əliyev, həmçinin Xocavənd rayonunun Sos kəndində, Qırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd kəndində oldu. Şuşakənd kəndi də Silahlı Qüvvələrimizin iki il əvvəl həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçdi. İndiyədək kəndin sosial infrastrukturunun qurulması istiqamətində bir sıra layihələr həyata keçirilib və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, mövcud elektrik xətləri, 3 su anbarı, subartezian quyusu bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işlərinə başlanılıb, qaz xətti çəkilib, mövcud içməli su şəbəkəsi təmir edilib. Bundan başqa, rabitə xətlərinin layihəsi təsdiqlənib və bu istiqamətdə hazırlıq işləri görülür. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb. Şuşakənddə ümumilikdə 263 fərdi ev var. Onlardan 91-i yararsız, 172-si isə qismən yararlıdır. Bu evlərdən artıq 15-i istismara hazırdır. Bu ilin sonunadək daha 85 ev bərpa ediləcək. 2026-cı ildə isə 72 evin bərpası planlaşdırılır. Hazırda kəndə 15 ailə qayıdıb.
Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Cənab İlham Əliyev Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitlə tanış oldu. Klinika Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılıb. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Qarabağ Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.
Səfər çərçivəsində cənab İlham Əliyevin görülən işlərlə tanışlığı genişmiqyaslığı tlə diqqətdə oldu. Belə ki, dövlətimizin başçısı Xocalı rayonunun Seyidbəyli, Daşbulaq, Badara kəndlərində və Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında oldu. Qeyd olundu ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 ton planlaşdırılır. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.
Qeyd etdiklərimiz Prezident İlham Əliyevin azad edilmiş ərazilərə təkcə bir səfəri çərçivəsində görülən işlərdir. Hər bir səfər ümumilikdə son beş ilin bərpa-quruculuq işlərinin, soydaşlarımızın qayıdışının davamlılığının aydın mənzərəsini yaradır. Əsas hədəf Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, soydaşlarımızın bütünlüklə doğma yurd-yuvalarına qayıdışıdır. Artıq bu hədəf gerçəkləşir.
Yeganə Əliyeva, «İki sahil»