13 sentyabr 2025 14:48
121

Oktyabrın 4-də Gürcüstanda 2284 məntəqədə səsvermə elektron, 767 məntəqədə isə ənənəvi qaydada keçiriləcək

Oktyabrın 4-də keçiriləcək seçkilərlə əlaqədar ölkə üzrə yaradılan 3051 seçki məntəqəsindən 2284-də səsvermə elektron texnologiyalardan istifadə etməklə, 767 seçki məntəqəsində isə ənənəvi qaydada keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Natia İoseliani brifinqdə məlumat verib.

Onun sözlərinə görə, seçki administrasiyası seçkilərə intensiv hazırlığı davam etdirir.

“Tədris Mərkəzinin hazırladığı tədris planına əsasən rayon və məntəqə seçki komissiyalarında komissiya rəhbərləri, həm də komissiya üzvləri çoxmərhələli təlim keçirlər. Hazırlanmış kadrlar təbii ki, istər seçki gününə qədərki dövrdə, istərsə də seçki günü məntəqə seçki komissiyaları üçün çox vacibdir”, - deyə İoseliani bildirib.

Onun sözlərinə görə, vahid seçici siyahıları, ilkin variantları və ya açıq variantları artıq çap olunaraq bütün məntəqə seçki komissiyalarında yerləşdirilib.