01 sentyabr 2025 18:11
120

Paşinyan: Vaşinqtonda əldə olunmuş razılaşmalar region üçün tarixi dönüş nöqtəsidir

Ermənistan və Azərbaycan arasında Vaşinqton razılaşmaları regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir.

“İki sahil” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində keçirilən "ŞƏT+" sammitində bildirib.

"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh quruldu. Bu, regiona daha geniş təsir göstərəcək tarixi dönüş nöqtəsidir", - N.Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələləri gündəlikdədir. Bu, nəqliyyat əlaqələri üçün həm beynəlxalq, həm də dövlətdaxili üstünlüklər qazandıracaq.