01 sentyabr 2025 16:53
114

İran və IAEA yeni danışıqlar mərhələsini planlaşdırır

İranın Xarici İşlər Nazirliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndələri əməkdaşlığın bərpa olunması istiqamətində yeni danışıqlar mərhələsinə başlamağı planlaşdırırlar.

“İki sahil” xəbər verir ki, IRNA agentliyi bu barədə İranın Atom Energetikası Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə istinadla məlumat yayıb.

“Hazırda İranın Xarici İşlər Nazirliyi ilə IAEA nümayəndələri arasında iki görüş keçirilib, üçüncü görüş isə planlaşdırılır”, – deyə Məhəmməd Eslami bildirib.

O, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqda əsas əngəlin qurumun baş direktoru Rafael Qrossi olduğunu deyib. Məhəmməd Eslaminin sözlərinə görə, agentliyin idarəetmə sistemi hegemon qüvvələrin təsiri altındadır.

İranın Atom Energetikası Təşkilatının rəhbəri, həmçinin qeyd edib ki, Tehran IAEA-nın İranın nüvə obyektlərində yoxlamaların aparılmasına qadağa qoysa da, Rusiya mütəxəssisləri tərəfindən tikilən “Buşer” Atom Elektrik Stansiyasında nüvə yanacağının dəyişdirilməsi prosesinə nəzarət etmək üçün agentliyin iki əməkdaşının ölkəyə gəlməsinə icazə verib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektlərinə zərbələr endirib. İyunun 23-ü axşam saatlarında Tehran Birləşmiş Ştatların Qətərdəki “Əl-Udeyd” aviabazasına bir neçə ballistik raket atıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib.

IAEA-nın İsrail və ABŞ-ın İrana zərbələrini qınamaması Tehranın sərt reaksiyasına səbəb olub. İyulun 2-də İran Prezidenti Məsud Pezeşkian agentliklə əməkdaşlığın və bütün nüvə obyektlərində yoxlamaların dayandırılması ilə bağlı qanunu imzalayıb.