“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. O cümlədən son illərdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur dəhlizinin yaradılmasına güclü siyasi iradə göstərməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin ŞƏT-in Çində keçirilən növbəti sammitinə dəvət olunması isə dövlətimizin və onun liderinin dünyada böyük nüfuza sahib olmasının göstəricisidir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi dəvət əsasında ŞƏT-in Zirvə görüşlərində iştirakı ənənə halını alıb. Dövlətimizin başçısı 2022-ci ilin sentyabr ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə baş tutan sammitində fəxri qonaq qismində iştirak edib. 2024-cü il 3-4 iyul tarixlərində isə Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Prezidentimizin ŞƏT-in budəfəki sammitində iştirakı isə Çin Xalq Respublikasının lideri Si Cinpinin dəvəti əsasında baş tutub. Avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub. Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına bu ilin aprelində baş tutmuş dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd edib, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatında Çinin aparıcı rolu var. Son illər Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişafı ölkəmizin ŞƏT ilə əməkdaşlığına da müsbət təsir göstərib. Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, Azərbaycan-Çin əməkdaşlığını qeyd edə bilərik. Dövlət başçılarının görüşləri, telefon danışıqları, məktub mübadiləsi əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində müstəsna rol oynayır. Azərbaycan Çin lideri Si Cinpin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən dövlətlərdən biridir. Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı da söyləyib ki, Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. “Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”, – deyə dövlətimizin başçısı vurğulayıb. Cənab Prezident çıxışında, həmçinin Zəngəzur dəhlizinin önəminə diqqət çəkərək deyib ki, yaxın gələcəkdə bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
“Bütövlükdə, coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu, ən əsası isə beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib tərəfdaşa çevirib”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.