31 iyul 2025 01:17
202

Qərbi Azərbaycana qayıdışa BMT dəstəyi

2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaradıb. Bu gün onlar da yurd-yuvalarına qayıtmaq istiqamətində fəal mübarizə aparırlar. Bu mənada Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri olduqca təqdirəlayiqdir. Xatırldaq ki, Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilib və təcavüzkar ölkədə bir nəfər belə soydaşımız qalmayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə ölkəmizin əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət edib.

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə də daxil edilib. Hətta artıq Ermənistandan zaman-zaman deportasiya olunmuş Qərbi azərbaycanlıların ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpası hazırda beynəxalq aləm tərəfindən də dəstəklənməkdədir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iyunun 21-22-də Türkiyənin İstanbul şəhərində keçirilmiş 51-ci sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycan məsələsi barədə bənd daxil edilib. Bu, 3-4 iyul tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün yekununda qəbul edilmiş Xankəndi Kommünikesində də öz əksini tapıb. Bir neçə gün öncə isə BMT katibliyi Prezident İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb. Şübhəsiz, Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması bir daha Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasından xəbər verir. Bu mənada həmin sənədi Qərbi Azərbaycana qayıdışa BMT dəstəyi kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, Azərbaycan QHT-ləri də müxtəlif beynəlxalq tədbirlərdə bu mövzuda məsələlər qaldırırlar.

Xatırladaq ki, Azərbaycan Prezidentinin sözügedən həmin müraciətində deyilirdi ki, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması Qərbi azərbaycanlıların qayıdışına imkan vermir: “Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır”. Lakin soydaşlarımızın Qərbi Azərbaycandan guya könüllü köçdüklərini iddia edən Ermənistan bütün bunlara məhəl qoymur. Prezident, həmçinin xatırlatmışdı ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir.

Qərbi Azərbaycan İcması bununla bağlı yaydığı bəyanatda sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə edilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib. Bu isə o deməkdir ki, İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb etməkdən əl çəkməyəcəkdir.  Bir sözlə, qayıdış reallaşana qədər bu məsələ İcmanın gündəliyindən çıxmayacaqdır. Bu da bir daha sübut edir ki, Qərbi azərbaycanlılar da gec-tez təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıdacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”