Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu hazırda məhsulunu 15-dən çox ölkəyə ixrac edir.
“İki sahil” xəbər verir ki, bu barədə zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, karbamid gübrəsi əsasən Qara dəniz sahilində yerləşən ölkələrə, o cümlədən Türkiyə, Gürcüstan, ABŞ, Argentina və Braziliyaya ixrac olunur. “Hindistan dünyanın ən böyük gübrə istehsalçılarından biridir, lakin biz onlara da karbamid gübrəsi satırıq”,- deyə o bildirib.
O vurğulayıb ki, SOCAR Karbamid Zavodunun illik istehsal gücü 650-660 min ton təşkil edir: “2024-cü ildə bu göstərici 652 min tonu keçib. Builki məqsəd isə bu rəqəmi daha da artırmaqdır. Zavod daxili bazarın tələbatını tam qarşılayır. Layihələndirilərkən nəzərə alınıb ki, istehsalın 30 %-i daxili bazara, 70 %-i isə ixraca yönəldilsin. Lakin hazırda daxili bazarın təminatı 20 % kifayət edir ". (Report)