18 iyul 2025 08:37
100

Çin xarici kəşfiyyat xidmətlərini nadir metalları oğurlamaqda ittiham edib

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi xarici ölkələrin xüsusi xidmət orqanlarını fırıldaqçılıq yolu ilə ölkədən nadir torpaq metalları qanunsuz çıxarmaqda ittiham edib.

“İki sahil” "Bloomberg"ə istinadən xəbər verir ki, Çin xüsusi xidmət orqanı konkret ölkələrin adını çəkmədən xarici qurumları Pekinin strateji aktiv hesab etdiyi və artıq ABŞ ilə gömrük tarifləri üzrə danışıqların predmeti kimi istifadə etdiyi materialların ölkədən qanunsuz çıxarılmasını təşkil etməkdə ittiham edib.

Qurumun məlumatında qeyd olunur ki, son illərdə xarici casusluq və kəşfiyyat xidmətləri və onların agentləri ölkə daxilindəki vicdansız şəxslərlə sövdələşməyə girməyə çalışır, onları poçt göndərişləri vasitəsilə nadir torpaq materiallarını oğurlamağa təhrik edirlər.

"Bu, Çin Xalq Respublikasının milli təhlükəsizliyinə ciddi təhdid yaradır", - xüsusi xidmət orqanı qeyd edib.

Çin Dövlət Təhlükəsizlik Nazirliyi həmçinin adı çəkilməyən bir ölkənin ehtiyat yaratmaq üçün nadir torpaq elementlərini qanunsuz əldə etmək cəhdinin qarşısını aldığını bildirib. Məlumata görə, bu sxemdə bağlamaları "Çində istehsal olunmayıb" kimi yanlış markalayan və məhsulun tərkibi və məzmunu haqqında məlumatı qəsdən təhrif edən bir podratçı iştirak edib.

Həmçinin qurum qaçaqmalçılığın digər metodlarını da təsvir edib, xüsusilə nadir torpaq tozlarının keramik plitə üçün inqrediyentlərin tərkibində gizlədilməsi və ya onların sonradan ixrac üçün "mexanizm hissələri" kimi markalanmış su butulkalarında maskalanması göstərilir.

Bəyanatda nazirlik Çin Xalq Respublikasının vətəndaşlarını nadir torpaq resursları ilə bağlı şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.