Cümə axşamı Cənubi Koreya Ali Məhkəməsi "Samsung Electronics" şirkətinin sədri Li Je Yon barəsində bəraət hökmünü təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu qərar, onun 2015-ci ildə "Cheil Industries Inc." və "Samsung C&T Corp." şirkətlərinin birləşməsi ilə bağlı cinayət işində ittihamlardan tam azad olmasını rəsmiləşdirib.
Məhkəmə, Li Je Yona qarşı səhmlərlə manipulyasiya, etibardan sui-istifadə və mühasibat fırıldaqçılığı ittihamlarının əsassız olduğunu bildirərək, prokurorların apellyasiya şikayətini rədd edib.
Qeyd edək ki:
İttihamlar 2019-cu ildə irəli sürülmüşdü.
Birləşmə mərhum "Samsung" rəhbəri Li Qon Hinin oğlu Li Je Yonun şirkət rəhbərliyinə keçidində mühüm mərhələ sayılırdı.
İlk instansiya məhkəməsi Li Je Yonu 19 maddənin hamısından, ikinci instansiya isə əlavə olunan 4 ittihamla birlikdə 23 maddədən tam bəraət vermişdi.
Ali Məhkəmə bu qərarları qüvvədə saxlayaraq, məhkəmə prosesində heç bir hüquqi pozuntuya yol verilmədiyini bəyan edib.
Bəraət yalnız Li Je Yona deyil, iş üzrə ittiham olunan 13 digər fiziki və hüquqi şəxsə də şamil olunub.
Li Je Yonun hüquqşünası məhkəmənin bu qərarını “müdrik və obyektiv” adlandırıb və ədalətin bərqərar olmasından məmnunluq ifadə edib.