16 iyul 2025 16:53
150

KOBİA: Hanoydakı tədbirlər Azərbaycanla Vyetnam arasında yeni investisiya qoyuluşu imkanı yaradacaq

Bu gün Hanoyda keçirilən Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu iki ölkə arasında yeni investisiya imkanlarının yaranmasına mühüm töhfə verəcək.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.

O qeyd edib ki, bu tədbirlər ölkələr arasında biznes əlaqələrini genişləndirəcək.

Bu gün Hanoyda keçirilən tədbirlər çərçivəsində iki ölkə arasında 5 sənəd imzalanıb. Bu sənədlər qarşılıqlı investisiyaların təşviqini, sahibkarlar arasında əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

Sabah isə Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının III iclası keçiriləcək. İclasda iki ölkə arasında ticarət-iqtisadi, energetika, mədəniyyət, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması, iqtisadi və ticari münasibətlərin mövcud vəziyyətinin və investisiya imkanlarının müzakirə edilməsi nəzərdə tutulur.

Hökumətlərarası Komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Diendir.