12 iyul 2025 15:55
206

Xarici siyasət konsepsiyasında Yaxın Şərq vektoru: Azərbaycan-Suriya əlaqələri yeni mərhələdə

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa  bu gün Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. Artıq  Prezident İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə və məhdud tərkibdə görüşü keçirilib.

Xatırladaq ki, iki lider arasında aprelin 11-də Antalyada görüş olmuşdu. Dövlətimizin başçısı həmin görüşdə bildirmişdi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etmişdi. Əhməd Əl Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmiş və gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etmişdi. Görüşdə, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulmuşdu. Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etmişdi.

Əhməd Əl Şaraanı ölkəmizə səfər iki dövlət arasındas münasibətlərin inkişafında yeni mərhələnin əsasının qoyacaq.  Ümumiyyətlə, Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan bu ölkəyə  və Suriyanın ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edən dövlət olmuşdur. Ölkəmiz Türkiyə ilə birlikdə Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə etmişdir. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, XİN in nümayəndə heyəti Suriyada səfərdə olmuş, bu ölkənin bərpa və quruculuğuna Azərbaycanın nə kimi dəstək verə biləcəyini öyrənmişlər. Samir Şərifov həmin səfər zamanı  Azərbaycan hökumətinin Suriyanın yeni administrasiyasına siyasi dəstəyini bir daha ifadə edərək, bu dəstəyin əyani göstəricisi kimi Azərbaycanın öz rəsmi nümayəndə heyətini Dəməşqə hələ ötən ilin dekabrında ezam etdiyini və ölkəmizin 12 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etdiyini vurğulamışdı.  Tərəflər görüş zamanı, həmçinin Suriyanın qədəm qoyduğu bərpa və yenidənqurma prosesinə Azərbaycan Respublikasının mümkün dəstəyinin istiqamətlərinə dair fikir mübadiləsi aparmışdılar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin, həmçinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani, iqtisadiyyat və sənaye naziri Nidal Əş-Şaar, energetika naziri Məhəmməd Əl-Bəşir, mədəniyyət naziri Muhammad Yasin Saleh, ali təhsil naziri Mərvan əl-Hələbi ilə də görüşləri olmuş və görüşlərdə aidiyyəti istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılmışdı.

Qeyd edək ki, Suriyanın əvvəlki rejimi ölkəmiz üçün bir sıra beynəlxalq təşkilatlarda müəyyən problemlər yaratmış, Azərbaycanın ərazi bütövlüyü məsələlərində birmənalı mövqe tutmamışdı. Həmin dövrdə Suriya təmsilçiləri hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman birliyi prinsipinə zidd bəyanatlar vermişlər. Lakin qeyd etməyə dəyər ki, keçmiş rejim zamanında Azərbaycana qarşı edilən haqsızlıqlar Suriya xalqının Azərbaycan xalqına münasibətini əks etdirməmişdir. İkitərəfli əlaqələr Suriyada 2024-cü ilin 8 dekabrında hakimiyyət dəyişikliyindən sonra yeni bir mərhələyə keçmiş, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranmışdır. On iki illik fasilədən sonra Azərbaycan Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi ilə diplomatik əlaqələrdə yeni addım atılmış oldu. Azərbaycan-Suriya əlaqələri eyni zamanda Azərbaycanın Yaxın Şərq siyasəyinin bir hissəsidir. Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan hər yerdə olduğu kimi, Yaxın Şərq regionunda da etibarlı tərəfdaş kimi tanımır.

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın regionda və dünyada artan nüfuzu diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin  uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı və arzuolunan  tərəfdaş kimi nüfuz qazanıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal xarici siyasət konsepsiyasına keçmiş,  fərqli istiqamətlərdə   fəal xarici siyasət yürütməyə başlamışdır. Azərbaycan və Suriya arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, onu real məzmunla zənginləşdirmək üçün əlverişli şərait yaranıb.  Azərbaycanla Suraiya arasında yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır. Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac edir.  Suriya prezidentinin səfəri zamamı bu məsələ də müzakirə olunan mövzular sırasındadır. Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri, aparılan danışıqlar Azərbaycan-Suriya əlaqələrinə yeni töhfələr verəcək, ikitərəfli əlaqələri yeni səviyyəyə qaldıracaq.

Anar Miriyev, "İki sahil"