11 iyul 2025 20:20
193

BANM-da “Məzun günü” - FOTOLAR

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti “Məzun günü” keçirilib. Bu, BANM-ın 9-cu buraxılışıdır.

Tədbirin açılışını edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov məzunları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, builki məzunlar SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, həmçinin özəl və dövlət qurumlarında çalışmağa başlayıblar, eyni zamanda, dünyanın nüfuzlu universitetlərinə qəbul olaraq təqaüdlər qazanır və təhsillərini davam etdirirlər.

Əldə olunan nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olduğunu təsdiqləyir.

Rektor Elmar Qasımov vurğulayıb ki, BANM bütün məzunlara diplomları ənənəvi olaraq məhz “Məzun günü”ndə təqdim etməyə davam edir.

Sonra SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva çıxış edib. O, BANM-ın tələbələrə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi diqqət yetirildiyini söyləyib. Ziba Mustafayeva vurğulayıb ki, SOCAR olaraq gənclərin inkişafına hər zaman xüsusi önəm verilir və Gənc İstedadlar Proqramı bu istiqamətdə atılan mühüm addımlardandır.

2024/2025-ci tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 148, magistratura səviyyəsindən 172 nəfər olmaqla, ümumilikdə 320 tələbə məzun olur. Onlardan 52-si fərqlənmə diplomu ilə bitirir, 142 nəfəri xanımdır. Məzunların 24 nəfəri isə SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır.

Vurğulanıb ki, “Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, BANM bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə əldə edib.

Eləcə də elm və təhsil nazirinin müavini İdris İsayev məzunları təbrik edərək bildirib ki, BANM qısa müddətdə ölkənin əsas ali təhsil müəssisələrindən birinə çevrilib. O, ölkə iqtisadiyyatının və sənayesinin inkişafında gənclərin rolunu vurğulayaraq, BANM-ın bu sahədə mühüm töhfələr verdiyini qeyd edib.

Daha sonra Kimya mühəndisliyi ixtisasının məzunu, ali məktəbin ikincisi İlkanə MehdiyevaAqşin Yusifzadə çıxış ediblər. BANM-da peşəkar kadr kimi yetişdiklərini, burada qazandıqları bilik və bacarıqların onların şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını bildiriblər. Hər iki məzun müəllimlərinə və valideynlərinə təşəkkür edərək, ölkəyə və cəmiyyətə faydalı olacaqlarına söz veriblər.

Eləcə də 2025-ci il məzun buraxılışı üzrə Ali Məktəbin birincisi - “İlin tələbə”si, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu İsmayıl Məmmədzadə adını fəxri kötüyə həkk edib.

BANM-ı fərqlənmə ilə bitirən məzunlara, ixtisas birincilərinə, sonra hərbi xidmətə yollanacaq məzunlara diplomlar verilib. Diplomları təqdim edənlər sırasında Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey də yer alıb. Xanım səfir məzunlara uğurlar arzulayıb.

Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam etdirilib.  

Yaqut  Ağaşahqızı, "İki sahil"