10 iyul 2025 12:39
109

Azərbaycanda 6 ayda orta illik inflyasiya 5.9 % olub

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 106,0 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,0 %, qeyri-qida məhsulları üzrə 102,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2 % təşkil edib.

"İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,9 faiz təşkil etmişdir.

2025-ci ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,8 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil etmişdir.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, göyərtinin, təbii balın, ucuzlaşma isə yumurtanın, bananın, armudun, alçanın, əriyin, çiyələyin, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2025-ci ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil etmişdir. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma divar kağızlarının, boyaların, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, laminat parketin, yumşaq mebelin və ortopedik döşəklərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2025-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,5 faiz təşkil etmişdir. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən tibbi xidmətlərin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.