07 iyul 2025 08:21
116

Dünya Bankı Efiopiyaya bir milyard dollar məbləğində maliyyə ayıracaq

Efiopiya ilə Dünya Bankı arasında bir milyard ABŞ dolları məbləğində maliyyə ayrılmasını nəzərdə tutan razılaşma imzalanıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, sənəd ölkənin davam edən iqtisadi islahat səylərini dəstəkləmək və inklüziv inkişaf mexanizmlərini gücləndirmək məqsədilə imzalanıb.

Efiopiyanın Maliyyə Nazirliyi bildirir ki, Əddis-Əbəbədə imzalanmış bu razılaşmaya əsasən, maliyyə həm qrant, həm də güzəştli kredit kimi təqdim ediləcək. Bu razılaşma Efiopiyanın “Milli iqtisadi islahat proqramı” çərçivəsində həyata keçirilir. 2019-cu ildə təqdim olunmuş “Milli iqtisadi islahat proqramı” makroiqtisadi sabitliyi yaxşılaşdırmaq, özəl sektorun iştirakını stimullaşdırmaq və davamlı ictimai xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır.

Maliyyə Nazirliyi vurğulayıb ki, Dünya Bankının bu dəstəyi qurumun “Efiopiyanın cəsarətli və geniş miqyaslı islahat gündəmini dəstəkləməyə davamlı sadiqliyini” nümayiş etdirir.

Nazirliyin məlumatına görə, bu maliyyələşdirmədə beş əsas istiqamətə üstünlük veriləcək: maliyyə sektorunun sabitliyinin qorunması, ticarət rəqabət qabiliyyətinin artırılması, daxili resursların səfərbərliyinin gücləndirilməsi, şəffaf və səmərəli dövlət idarəçiliyinin təşviqi, eləcə də həyati əhəmiyyətli sosial xidmətlərin davamlılığı və dayanıqlığının təmin edilməsi.