Azərbaycan rəhbərliyi müstəqillik əldə etdiyi üç onillikdə sülhə üstünlük verib və bu, müxtəlif sektorlarda mühüm nailiyyətlərə gətirib çıxarıb.
“İki sahil” xəbər verir ki, bunu Ruandanın Azərbaycan üzrə qeyri-rezident səfiri Çarlz Kayonqa Ankarada ölkəsinin milli azadlıq günü ilə bağlı keçirilən mərasimdən sonra “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.
O, qeyd edib ki, Afrikanın Azərbaycan üçün cəlbedici olması müsbət haldır.
Azərbaycanın tarixi və inkişafı baxımından Afrika ölkələri ilə təcrübələrini bölüşməsini təqdir edən səfir iki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Ruanda Azərbaycanla tərəfdaşlıq etməkdən məmnundur və biz hazırda ikitərəfli əməkdaşlığın təkmilləşdirilməsi üçün müzakirələrlə məşğuluq. Bu yaxınlarda Ruanda İnkişaf Şurası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamış Azərbaycanın ASAN dövlət xidmət müəssisələrini öyrənməyə hazırlaşırıq”.
Ç.Kayonqa onu da vurğulayıb ki, Ruanda hakimiyyəti ölkəni yüksək gəlirli iqtisadiyyata çevirmək məqsədilə 2050-ci il vizyonuna nail olmağa çalışır: “Azərbaycanın bu vizyonda yaxından iştirak etdiyini görürük”.