Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib. Komanda F qrupunda “Ljuti Krajişniç” (Avstriya), “PYF Saltires” (Şotlandiya) və “Sparta Belfast” (Şimali İrlandiya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 26-dan 31-dək Avstriyada keçiriləcək.
İlkin mərhələdə ümumilikdə 32 komanda 8 qrupda mübarizə aparacaq və ancaq qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaqlar. Onlar B yolundakı qruplara səpələnəcək. A yolundakı 4 qrupun hər birindən 3, B yolundakı 4 qrupdan isə ancaq liderlər mübarizəni davam etdirmək hüququ qazanacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.
Cari mövsümdə elit-raund olmayacaq. Oyunlar ilk dəfə fərqli formatda keçiriləcək. Belə ki, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. B yolunun qalibləri və A yolunun 3-cüləri A qrupunun birinci və ikinci pilləni tutmuş klubları ilə üz-üzə gələcəklər. Qalib ev-səfər olmaqla 2 oyunun ümumi nəticəsinə əsasən müəyyənləşəcək. Cütlüklər püşkatma yolu ilə bəlli olacaq. Püşkatma noyabrın 6-da, oyunlar isə noyabrın 24-də və dekabrın 5-də keçiriləcək.
1/8 final mərhələsində keçiriləcək 2 oyunun ümumi nəticəsində qələbə qazanan komandalar 1/4 finalda rəqib olacaqlar. Burada da qalib cütlüklər arasında gələn il fevralın 23-də və martın 6-da keçiriləcək 2 matçda (ev-səfər) müəyyənləşəcək. Final turnirində isə 4 komanda iştirak edəcək. Yenə yarımfinal qarşılaşmaları keçiriləcək. Qaliblər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər. Matçlar mayda baş tutacaq.