02 iyul 2025 11:58
101

3 700-dən çox xarici investor Qarabağ və Şərqi Zəngəzura sərmayə qoymaq üçün müraciət edib

İndiyə qədər 3700-dən çox xarici investor Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoymaq üçün müraciət edib.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 6-cı İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) biznes forumunda bildirib.

Onun sözlərinə görə, ECO ölkələrinin yerləşdiyi region böyük potensiala malikdir: "Bu regionda kiçik və orta müəssisələr açmaq üçün ən yaxşı imkanlar var. KOBİA olaraq biz innovasiyaları irəli aparan, iş yerləri yaradan və regional ticarət əlaqələri quran bu müəssisələri dəstəkləməyə diqqət yetiririk. Biz sahibkarlara tənzimləyici məsləhətlərdən tərəfdaş axtarışına və startap təlimatından ixrac dəstəyinə qədər birbaşa yardım göstərən KOB evləri və KOB ofisləri şəbəkəsi yaratmışıq".

Sədr qeyd edib ki, Azərbaycan təşkilata üzv ölkələrlə əməkdaşlığı dərinləşdirməyin müsbət məqamlarını görür: "Kənd təsərrüfatı, qida emalı, logistika, İKT və yaxud tekstil sahəsində olsun, birgə müəssisələr, təchizat şəbəkəsi və bilik mübadiləsi üçün geniş imkanlar var. İnvestorlar və sahibkarlar təkcə Bakıya deyil, Qarabağ və Şərqi Zəngəzura da dəvət olunurlar. Bu günə qədər həmin ərazilərə investisiya qoymaq istəyən sahibkarlardan 3 700-dən çox xarici investordan müraciət almışıq. Məqsədimiz beynəlxalq tərəfdaşlarımızın fəal iştirakı ilə bu ərazilərdə güclü, rəqabətqabiliyyətli KOB ekosistemi qurmaqdir"./report/