01 iyul 2025 16:31
229

Ağdamda Polis Gününə həsr olunmuş tədbir keçirilib

Ağdam Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 2 İyul-Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon Polis Şöbəsinin əməkdaşları və veteranlar, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər qonaqlar tədbirdə çıxış edərək 2 iyul 1918-ci il tarixdə müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktının imzalanmasından, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarında intensiv surətdə həyata keçirilən tədbirlərdən,1998-ci ildən etibarən hər il 2 iyul tarixinin Polis Günü kimi qeyd edilməsindən, Heydər Əliyev ideyalarına ən çətin məqamlarda sadiq olan Azərbaycan polisinin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəlməsindən, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultmalarından bəhs ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilib.