Hazırda ölkəmizdə elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Yeni istifadəyə verilən 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyası bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.
Stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material gətirilib. Çinin “Dongfang” şirkətindən alınmış, ümumilikdə 40 min kubmetr həcmində 20 min ton çəkisi olan 4 ədəd Util Qazan Çindən gətirilib. Sifariş əsasında İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan, ümumi çəkisi 3 min tondan çox olan qaz turbinləri və generatorlar, o cümlədən köməkçi avadanlıq ikinci logistika marşrutu ilə İtaliyadan Bakı limanına çatdırılıb. Hər birinin çəkisi 300 və 400 tondan artıq olan yüklərin qabariti böyük olduğundan Mingəçevirə qədər yolboyu körpülərin altı qazılıb və keçid təmin ediləndən sonra yollar bərpa olunub.
“8 Noyabr” Elektrik Stansiyasının tikinti və quraşdırma işlərində 2500-dən çox xarici və yerli mütəxəssis çalışıb.
Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda yeni qaz kəməri inşa edilib, iki yeni qazpaylayıcı və tənzimləyici stansiya tikilib, kompressor qurğuları quraşdırılıb.
“8 Noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İstilik Elektrik Stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurulub. Əlavə olaraq 65,6 kilometr uzunluğunda “Mingəçevir-Samux” ötürmə xətti inşa edilib və “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb. O cümlədən stansiyada yanğından mühafizə, havalandırma, rəqəmsal idarəetmə, monitorinq və digər zəruri infrastruktur yaradılıb.
Adətən bu cür böyük stansiyaların tikintisi 3-5 ilə icra edildiyi halda, Azərbaycan bunu 2 il ərzində həyata keçirə bildi. Dünyanın bir çox ölkələrindəki bənzər layihələrə xərclənən vəsaitlə müqayisədə bu stansiyanın inşasına kifayət qədər az vəsait sərf olunub.
Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi