29 iyun 2025 22:01
127

Rumıniyanın xəbər portalı: Müasir dünya 20-ci əsrin totalitar yanaşmaları və imperiya istəkləri ilə idarə oluna bilməz

Rumıniyanın “Ultima Oră” onlayn xəbər portalı Azərbaycanın beynəlxalq münasibətlərdə haqlı mövqeyini və hazırkı qlobal çağırışlar fonunda regionun üzləşdiyi təhlükələri əhatə edən analitik məqalə yayımlayıb. “Dünyanı ötən əsrin Leninqrad qanunsuzluqları ilə idarə etmək olmaz” (“The world cannot be governed by the lawless rules of last century’s Leningrad”) sərlövhəli ingilis dilində dərc edilmiş yazı Rumıniya mətbuatında geniş rezonans doğurub və bir sıra digər informasiya resursları tərəfindən dərc olunub.

“İki sahil” xəbər verir ki, məqalədə beynəlxalq hüququn kobud şəkildə pozulması, böyük güclərin kiçik dövlətlərə təzyiqləri və xüsusilə Rusiyanın postsovet məkanında apardığı dağıdıcı siyasət kəskin tənqid olunur. Yazının əsas tezisi ondan ibarətdir ki, müasir dünya 20-ci əsrin totalitar yanaşmaları və imperiya istəkləri ilə idarə oluna bilməz.

“Ultima Oră” yazır ki, Azərbaycan regionda sabitliyin təmin olunmasına çalışan əsas aktorlardan biri kimi sülh təşəbbüsləri ilə çıxış edir. Bununla belə, bəzi dairələr bu təşəbbüslərə qarşı çıxır, ölkənin daxili və xarici siyasətinə təzyiq göstərməyə çalışırlar: “Azərbaycan müstəqil dövlət kimi öz yolunu seçib. Onun Avropa və dünya ilə inteqrasiyası, enerji təhlükəsizliyinə verdiyi töhfə, sülh diplomatiyası bəzi böyük güclərin maraqları ilə üst-üstə düşmür”, – deyə yazıda qeyd olunur.

Məqalədə Rusiyanın zaman-zaman Azərbaycan və digər region ölkələrinə qarşı tutduğu qərəzli mövqeyə də toxunulur. Müəllif bildirir ki, ötən əsrin “Leninqrad yanaşması” – yəni zor gücünə hegemonluq – artıq keçmişdə qalmalıdır və bu metodla dünya idarə oluna bilməz.

Sonda vurğulanır ki, beynəlxalq ictimaiyyət belə hallara biganə qalmamalı, qanun və ədalət əsasında hərəkət etməlidir. Azərbaycan isə bu prinsipial mövqeyi ilə nümunəvi davranış sərgiləyir.