30 iyun 2025 00:12
114

Enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək.

Mingəçevir nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevriləcək. Hazırda ölkənin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. Bu isə ildə 1 milyard kub metr qaza qənaət edilməsi deməkdir. “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsidir. Bu layihənin qısa müddət ərzində ərsəyə gəlməsi Azərbaycanın kadr potensialının gücündən xəbər verir. Bu stansiyalar bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, enerji təhlükəsizliyinə töhfə verir”. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib. Bu mənada “8 Noyabr” Elektrik Stansiyası Azərbaycan-İtaliya-Çinin ölkəmizin gələcək enerji siyasətindəki vahid mövqeyinin ifadəsidir. Ölkə həm neft-qaz resurslarına əsaslanan enerji istehsalı, həm də bərpa olunan enerji mənbələrinin inkişafı ilə balanslı enerji siyasəti həyata keçirir. Bərpaolunan enerji layihələrinə böyük investisiyalar yatırılır. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30%-ə çatdırılması hədəflənir”.

Ölkəmiz Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı artırıb. “8 Noyabr” Elektrik Stansiyası ixrac potensialını daha da artıracaq, bu da büdcə gəlirlərinə müsbət təsir göstərəcəkdir: “Stansiya Azərbaycanın enerji sektorunda yeni inkişaf səhifəsi açır. Buna təkcə texniki layihə kimi baxmaq düzgün deyildir. Siyasi iradə, iqtisadi-strateji baxış və ekoloji məsuliyyətin vəhdətini bu layihədə görmək mümkündür. Azərbaycan bu addımlarla regionda enerji təhlükəsizliyinin təminatçısı və qlobal çağırışlara cavab verə bilən müasir enerji dövləti kimi mövqeyini daha da gücləndirir”.

Şəfəq Həşimova,
Bakı şəhəri, 191 nömrəli tam orta məktəbin fizika müəllimi