30 iyun 2025 00:34
131

Azərbaycanın generasiya gücü daha da artacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə  “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyev abidəsini  ziyarət edib. Sonra dövlət başçısı “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub.

Prezident cənab İlham Əliyev çıxışında bildirib ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Bu stansiyanın yaradılması, işlərin qısa müddətdə başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini göstərir. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da güəndirəcək və Mingəçevirin nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və 1981-ci ildə stansiyanın I bloku istismara verilmişdir. Müstəqilliyin ilk illərində enerji qıtlığı yaşayırdıq. Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir Stansiyası hesabına fasilələrlə olsa da belə, insanlara və müəssisələrlə elektrik enerjisi verilirdi.  2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də burada stansiyaya yenidən həyat verilmişdir. Hazırda “Azərbaycan” Elektrik Stansiyasını generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavat, Su Elektrik Stansiyanın gücü isə 400 meqavatdan çoxdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışının davamında dedi : “ “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni, bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.”

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü