29 iyun 2025 21:16
132

Liviya Aralıq dənizinin şərqindəki suveren hüquqlarını bir daha vurğulayıb

Liviya Aralıq dənizinin şərqindəki sərhədləri daxilində yerləşən ehtiyatlar üzərində suveren hüquqlarını bir daha vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu, Milli Neft Şirkətinin bəyanatında qeyd edilib.

Bəyanatda bildirilir ki, Liviyanın suveren hüquqlarını və milli maraqlarını qorumaq məqsədilə Aralıq dənizinin bütün bölgələrində, o cümlədən şərqində karbohidrogen ehtiyatlarının kəşfiyyatı və inkişafı sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı qəbul edilmiş öhdəlik sarsılmaz şəkildə davam etdirilir.

Eyni zamanda, bəyanatda vurğulanır ki, Liviya dövləti tərəfindən imzalanan bütün sazişlər və tərəfdaşlıqlar beynəlxalq hüquq prinsiplərinə əsaslanır və Liviya xalqının uzunmüddətli maraqlarına xidmət edir.

Qeyd edək ki, Aralıq dənizində ikiölçülü seysmik tədqiqatın (10.000 kilometr uzunluğu üzrə) aparılmasına və əldə edilən məlumatların maksimum 9 ay ərzində işlənməsinə dair Liviya ilə Türkiyə arasında müzakirələr baş tutub. Liviyanın Milli Neft Şirkəti ilə Türkiyənin TPAO şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Xatırladaq ki, 2019-cu ildə Liviya Türkiyə ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Bundan sonra Yunanıstan bu sənədə etirazını bildirib. Bir həftə bundan qabaq Brüsseldə keçirilmiş Aİ Sammitində Yunanıstanın etirazı bir daha səsləndirilib və yekun bəyannaməyə daxil edilib.

Öz növbəsində, Liviyanın beynəlxalq səviyyədə tanınan hökuməti Yunanıstanın Kritin cənubundakı dəniz ərazilərində karbohidrogen kəşfiyyatı ilə bağlı beynəlxalq tenderləri təsdiqinə etirazını bildirib və bu ərazilərin bəzilərini “mübahisəli dəniz ərazilərinin əhatə dairəsinə” aid edib.

Milli Birlik Hökumətində Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Yunanıstan tərəfinin beynəlxalq tender elanı ilə bağlı xəbərləri görə “ciddi narahatlığını” ifadə edib.