29 iyun 2025 16:02
190

İƏT-in qətnaməsi Qərbi azərbaycanlıların qayıdış hüququna verilən mühüm dəstəkdir

21–22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilmiş 51-ci sessiyası Azərbaycanın təşəbbüsü ilə bir sıra mühüm sənədlərin qəbul olunması ilə yadda qalıb. Sessiyanın yekunlarına dair “İstanbul Bəyannaməsi”, o cümlədən Azərbaycan tərəfindən irəli sürülmüş 5 qətnamə təsdiqlənib. Bu sənədlər sırasında Qərbi Azərbaycan İcması ilə bağlı qəbul edilən qətnamə xüsusi əhəmiyyət daşıyır.

İƏT çərçivəsində ilk dəfə olaraq qəbul edilən “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə üzv ölkələr Qərbi Azərbaycan İcmasının doğma yurdlarına ləyaqətli qayıdış hüququnu dəstəkləyib və Ermənistanın bu hüquqları inkar etməsi qınanıb.

Bundan əlavə, “İstanbul Bəyannaməsi”ndə Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlərə müsbət qiymət verilib və Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqi çağırışların aradan qaldırılmasına çağırılıb. Bəyannamədə həmçinin “Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və minatəmizləmə səylərinə dəstək” ifadə olunub.

Sənəddə, eyni zamanda, “indiki Ermənistan ərazilərindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğu təsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.”

Sessiya çərçivəsində digər qəbul edilən sənədlər də diqqətəlayiqdir. “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda və Azərbaycanın digər ərazilərində törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə və soyqırımı əməlləri pislənmiş, üzv dövlətlər bu cinayətlərin tanınması üçün lazımi səylər göstərməyə çağırılmışdır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədə Ermənistanın təcavüzkar siyasəti pislənmiş və Azərbaycanın azad olunmuş ərazilərdə apardığı bərpa işlərinə dəstək ifadə olunmuşdur.

Bununla yanaşı, “Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı qətnamədə üzv dövlətlər və İslam maliyyə institutları Azərbaycanın yenidənqurma və minatəmizləmə fəaliyyətlərinə dəstək göstərməyə çağırılmışdır. Nəhayət, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamədə isə işğal dövründə törədilmiş vandalizm aktları qətiyyətlə pislənmiş və Azərbaycanın reparasiya tələblərinə dəstək ifadə olunmuşdur.

Bütün bu sənədlər göstərir ki, Qərbi Azərbaycan məsələsi təkcə regional yox, beynəlxalq miqyasda da gündəmdədir. Azərbaycanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Sənəd, soydaşlarımızın dinc, təhlükəsiz və ləyaqətli şəkildə yurdlarına qayıtması prinsipinə əsaslanır.

Beləliklə, İƏT tərəfindən qəbul edilən bu sənədlər Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda qəbul edildiyini və gələcəkdə digər beynəlxalq təşkilatlar üçün də nümunə ola biləcəyini göstərir. Ermənistanın bu mövqe qarşısında qeyri-konstruktiv yanaşması isə sülhə mane olan əsas faktorlardan biri olaraq qalmaqdadır.

Əfsanə İbrahİmova,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası II kurs tələbəsi