28 iyun 2025 16:48
117

Yekaterinburq hadisəsinin şahidi: Məni yerə uzadaraq təpiklədilər

Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni şərh edib.

“İki sahil” xəbər verir ki, o, "Report"un Rusiya bürosuna açıqlamasında bildirib ki, yaşadığı evə səhər saat 6-da daxil olublar.

"Qapını qırdılar və evi darmadağın etdilər. Məni yerə uzadaraq təpiklədilər (bədənindəki xəsarət izlərini göstərir). Hər tərəfim göyərib. Gözüm pis görür, başım gicəllənir. Məni döyəndə burnumdan qan açıldı və sonra dedilər ki, qanı sil. Qanın mənə aid olduğunu sübut edə bilməmək üçün bunu etdilər", - R.Səfərov deyib.

O əlavə edib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları evə girəndə heç bir sənəd göstərməyiblər:

"Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər. Ayaqlarını başıma qoyub dedilər ki, sən atanın etmədiyi şeyi de. Onu sat. Yoxsa səni öldürərik".

Hadisə şahidinin sözlərinə görə, onlar evdən pul, qızıl əşyalar, maşınlarının nömrəsinə qədər - hər şeyi aparıblar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.