28 iyun 2025 17:34
140

Rusiyada Azərbaycan əleyhinə təxribatlar niyə səngimir? - ŞƏRH

Son zamanlar Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı Kreml təbliğatçılarının qızışdırdığı nifrət lap həddini aşıb. Elə iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bunu bir daha təsdiq edir. Şübhəsiz, bu faktı da hər şeydən əvvəl, şovinist qüvvələrin üstünlük təşkil etdiyi Rusiyanın, onun siyasi isteblişmentinin, Kremlin, Putin hakimiyyətinin Azərbaycana münasibətinin göstəricisi kimi dəyərləndrmək olar.

Yekaterinburq şəhərində baş verən bu hadisə Rusiya Federasiyası ərazisində son bir il ərzində Azərbaycana qarşı yönəlmiş yeganə təxribat əməli deyil. Belə ki, bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətdən irəli gəlib. Kremlə yaxın olan televiziya aparıcısı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda həmişə qeyri-obyektiv çıxışlar edən Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla ölkəmizə qarşı hörmətsizlik nümayiş etdirməkdə davam edir. Şübhəsiz, Rusiyanın dövlət televiziya kanalının efirində solovyovların destruktiv iddialarının yer alması absurddur. Elə bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumun Rusiyadan qaynaqlandığı sübut olunub. Halbuki bütün bunlar Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin konkret müddəalarına və əlaqələrin ruhuna tamamilə ziddir. Olmaya Rusiya bunun fərqində deyil? Hətta iş o yerə çatıb ki, Rusiya İstintaq Komitəsinin başçısı, general Aleksandr Bastrıkin küçə ticarətilə məşğul olan azərbaycanlılara qarşı cinayət işi qaldırılmasına dair göstəriş verib.

Yeri gəlmişkən ötən il dekabrın 25-də AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Azərbaycan hüquq-mühafizə orqanları bu müddət ərzində Rusiya tərəfi ilə mütəmadi əlaqə saxlayıb. Hər ay məsələ ilə bağlı sorğular göndərilir.  Qarşı tərəfin Azərbaycana verdiyi izahat ondan ibarətdir ki, hazırda Rusiyada istintaq tədbirləri davam edir. Bildirirlər ki, istintaq tədbirləri başa çatdıqdan sonra daha detallı məlumatlar təqdim edəcəklər. Lakin ortada heç bir irəliləyiş yoxdur. Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür qəbul oluna bilməz. Şübhəsiz, Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq. Bütün bunlar anti-Azərbaycan prosesin məhz Rusiya rəsmiləri tərəfində idarə olunduğunu aydın göstərir.

Qayıdaq Yekaterinburq olayına. Yeri gəlmişkən qeyd edək ki, Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşən Rusiya Mərkəzi Asiya, Azərbaycandan və başqa sovet respublikalarından olan qeyri-rus Rusiya vətəndaşlarına, həmin kateqoriyadan olan mühacirlərə üz tuturlar. Döyüşməkdən imtina edən belə vətəndaşları Rusiya vətəndaşlığından məhrum edir və ölkədən çıxarırlar. Mühacirlərə isə müharibəyə gedəcəkləri halda vətəndaşlıq verir, imtina etdikdə isə onlar deportasiya olunurlar. Rusiyanın İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin mayın 20-də Peterburqda beynəlxalq hüquq forumunda çıxış edərkən bildirib ki, hüquq-mühafizə orqanları Ukrayna ilə müharibəyə Rusiya pasportu almış 20 min miqrantı tutub aparıblar. Elə Yekaterinburqda baş verən hadisələrin də bu kontekstdə cərəyan etməsi şübhə doğurmur. 

Qeyd edək ki, 28 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib. Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”