Regional əhəmiyyətli Mingəçevir Elektrik Stansiyasının istifadəyə verilməsi dünyanın enerji xəritəsini yeniləyən Azərbaycanın qlobal layihələrin həlli üçün formalaşdırdığı şaxələndirmə siyasətinin, qarşılıqlı əməkdaşlığa sadiqliyinin ifadəsidir
XXI əsrin çağırışı olan yaşıl enerjiyə keçid qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlarla mübarizədə ən optimal seçimdir. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev əminliklə bildirdi ki, respublikamızı «yaşıl artım» ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan, 2024-cü ilin «Yaşıl dünya naminə həmrəylik ili» elan olunan Azərbaycanın enerji diplomatiyasına uyğun həyata keçirilən tədbirlər beyənlxalq səviyyədə dəstəklənir. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracının artması istiqamətində müəyyənləşdirilən şaxaləndirmə siyasəti uğurla davam etdirilir. Planetimizdə baş verən təbii fəlakətlərin, iqlim dəyişmələrinin yaratdığı fəsadlara qarşı birgə mübarizədə təşəbbüskarlığını qoruyan Azərbaycan COP29-a ev sahibliyi etməklə, öz sözünü deməklə kifayətlənmədi, real işbirliyi naminə müəyənləşdirilən hədəfləri beynəxalq ictimaiyyətə çatdırdı. «COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Əminəm ki, buna birlikdə nail olacağıq» söyləyən BMT-nin Baş katibi Antonio Quterreşin vurğuladığı kimi, iqlim dəyişikliyi ilə bağlı birgə mübarizəyə həsr olunmuş COP29 şəffaflıq, hesabatlılıq baxımından fərqləndi. Azərbaycanın 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları həcmində yardımı qlobal məqsəd kimi qarşıya qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) dəstəkləndi. 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfə nail olundu. Qeyd olundu ki, Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturası mövcud vəziyyəti həmişəlik dəyişəcək.
Son illərdə enerji siyasəti, bərpaolunan, eyni zamanda ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan hədəflərə çatan Azərbaycanda Qarabağın, Şərqi Zəngəzurun, Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması regional enerji təhlükəsizliyinə töhfədir. Son illərdə Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti ilə birgə daha iki iri Günəş parkının təməlinin qoyulması, Cəbrayılda bp şirkəti tərəfindən 240 MVt-lıq «Şəfəq» Günəş Elektrik Stansiyasının inşasının davam etdirilməsi enerji resurslarının artırmasına yönələn layihələr olmaqla, ekoloji tarazlığın, təbiətin qornumasına önəmli töhfələrdir. Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 30-a yaxın hidroelektrik stansiya istismara verilib və bu istiqamətdə işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur. Ölkəmizin enerji diplomatiyasının qarşıdakı illər üçün hədəfi 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji istehsal gücünü 8 GVt-a çatdırmaqdır. Regional enerji mərkəzinə çevrilən Azərbaycan «Qara dəniz yaşıl kabeli» kimi tanınan layihə vasitəsilə Gürcüstan və Qara dəniz üzərindən Rumıniyaya və Macarıstana yaşıl enerji ixrac etməyi hədəfləyir.
Yaddaşımıza Zəfər Günü kimi yazılan, beynəlxalq əməkdaşlığın nümunəsi daha bir «8 Noyabr» tarixi
İyun ayının əvvəlində ölkəmizdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi «Caspian Oil and Gas”», 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi, «Caspian Power» və 30-cu Yubiley «Baku Energy Forumu» ölkəmizin enerji siyasətinin daha bir təqdimatı oldu. Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan müxtəlif istiqamətli panellərdə Avrasiyanın enerji xəritəsini yeniləyən, Avropanın ondan artıq ölkəsinin enerji təhlükəsizliyinin təminatında xüsusi rolu olan Azərbaycanın təşəbbüsləri qiymətləndirildi. Azərbaycanın geosiyasi əhəmiyyəti, enerji layihələrinin qarşılıqlı əməkdaşlıqda artan rolu qeyd edildi. Bu günlərdə daha bir əlamətdar hadisə ilə diqqəti cəlb edən Azərbaycan enerji siyasəti yeniləndi.
Beynəlxalq aləmdə yaşıl enerji çağırışının ilk müəlliflərindən olan Azərbaycan bu sektorda daha bir yeniliyə imza atdı. 2025-ci il iyunun 24-də rəsmi açılışı keçirilən, Mingəçevirdə yerləşən «8 Noyabr» Elektrik Stansiyası istifadəyə verildi. Ümumi gücü 1880 MVt olan, Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri istehsal gücünə, strateji əhəmiyyətə malik bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsi baxımından deyil, həm də ixrac potensialının artım faizi ilə də fərqlənir.
Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanılan, qısa müddətdə inşası başa çatdırılan stansiyanın tikintisində İtaliyanın «Ansaldo Energia» və Çinin «Dongfang» şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Groupun iştirakı ölkəmizin şaxələnmiş enerji siyasətinin beynəlxalq aləmdə dəstəklənməsinin nümunəsidir. Stansiyada tətbiq olunan ən son texnologiyalar və avadanlıqlar sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Xalqımızın daha bir Zəfər nümunəsi olan «8 Noyabr» Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir. Stansiyanın istifadəyə verilməsi ilə Azərbaycanın bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusu yeniləndi.
Mərasimdə Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev «Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir» sözləri ilə ölkəmizin enerji siyasətində yeni mərhələnini başlandığını qeyd etdi. Yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasətinə sadiq, qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən ölkəmizin strateji model formulu təsdiqləndi. Ölkəmizin artan enerji resurslarının tükənməzliyini regional əhəmiyyətli uğur adlandıran Prezident İlham Əliyevin bildirdiyi kimi, «8 Noyabr» stansiyasının istifadəyə verilməsi ilə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu möhtəşəm yadigar qorunub saxlanıldı, yeni həyata başladı. Respublikanın elektrik enerjisinin 40 faizindən çoxunun istehsal olunduğu bu stansiyanın təməli 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə qoyulmuş, 1981-ci ildə ilk bloku istismara verilmişdi. Hələ sovet dövründə Mingəçevir stansiyası Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdi. «Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni, Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır» söyləməklə son 20 ildə Azərbaycanın energetika sisteminin yenidən qurulduğunu vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2018-ci ildə «Azərbaycan” İstilik Elektrik Stansiyası» yenidən qurulmaqla müasir tələblərə uyğun yeniləndi. Beş il bundan əvvəl stansiyaya yeni həyat veridi. «Hazırda «Azərbaycan” Elektrik Stansiyası»nın generasiya gücü 1800 meqavat, «8 Noyabr”» Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir» sözləri ilə tikintinin inşasının qısa müddətdə başa çatdırılmasını rekord nəticə adlanıdıran Prezident İlham Əliyev vurğuladı ki, uğurlu nəticənin qazanılmasında mövcud energetika bazasının, təcrübənin, Azərbaycan energetiklərinin peşəkarlığının böyük rolu olub.
Energetika sahəsində əməkdaşlığın genişlənməsində Azərbaycan təcrübəsi
«Mən xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik» sözləri ilə stansiyanın inşasında azərbaycanlı energetiklərlə birgə çalışan strateji tərəfdaşları- İtaliyanın, Çinin mütəxəssislərinin xidmətərini yüksək dəyərləndirən Prezident İlham Əliyev hər iki ölkə arasında bağlanan bəyannamələri, qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırdı: «İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni, bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.»
Mərasimdə çıxış edərək Azərbaycanla əməkdaşlıqdan məmnun qaldıqlarını ifadə edən İtaliya Respublikasının şirkətlər və «Made in Italy» naziri Adolfo Ursonun, İtaliyanın «Ansaldo Energia» şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin, Çinin «Dongfang Electric İnternational Corporation» şirkəti İdarə Heyətinin sədri Çen Qianqın ölkəmizlə bağlı xoş təəssüratlarının ifadəsi ölkəmizlə əməkdaşlıqdan qaynaqlanan məmnunluq hissidir: «Bu stansiya Azərbaycan Respublikasının enerji infrastrukturunu modernləşdirmək, daha təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində dinamik və uzaqgörən yanaşmasının bariz nümunəsidir.»
«8 Noyabr»ın istismara verilməsi ilə enerji sistemimizin səmərəliliyi artacaq
Təkzibolunmaz həqiqətdir ki, qlobal enerjə ehtiyacın tələbatın kəskin xarakter aldığı, hələ də davam edən müharibələrin yaratdığı çətinliklərlə üzləşən planetimizdə indiki dövrdə dünya bazarlarında Azərbaycanın enerji resurslarına tələbat artmaqdadır. Ölkəmizin yaşıl enerji siyasətinin əsas tələblərindən olan daxildə təbii qaza qənaət etməklə ixrac imkanlarımızın genişlənməsi , şərti yanacağın sərfiyyatının az olması əlavə qazanc gətirir. Bu məqsədlə imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər ölkəmizə 6500 meqavat yaşıl enerji qazandırmaqla, təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq. Nəticə etibarilə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrə təbii qaz ixracı da artacaq. «Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir» söyləməklə müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjinin də ixracını ölkəmizin iqtisadi gücü, artan geosiyasi önəmi baxımından dəyərləndirən Prezident İlham Əliyev dünyada baş verən münaqişələr, davam edən müharibələr, təbii fəlakətlər fonunda Azərbaycanın təşəbbüslərini bölgədə sabitlik, inkişaf, tərəqqi kimi dəyərləndirdi.
Vətən müharibəsi zamanı erməni faşizminin hədəf seçdiyi Mingəçevir «8 Noyabr»la yeni həyata qədəm qoyur
Müharibənin dəhşətlərini 30 ilə yaxın hiss edən, ağırlığını yaşayan Azərbaycan xalqı erməni vandallarının əməllərini də unutmur. İkinci Qarabağ müharibəsində Ermənistan nəinki şəhərlərimizi, kəndlərimizi dağıtmış, yaşayış obyektlərini, strateji əhəmiyyətli obyektləri belə davamlı atəş altında saxlayırdı. Mingəçevir də erməni vəhşilərinin raket atəşlərinə məruz qalmışdı. Stansiyanı sıradan çıxarmaqla Azərbaycanın enerji infrastrukturunu iflic vəziyyətinə salacağını zənn edən «haylar» həmişə olduğu kimi, Mingəçevir hadisəsində də Azərbaycanın gücünü, qüdrətini hesaba almamışdılar. «Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur.»
Prezident İlham Əliyevin sözlə ifadə etdiyi ağır vəziyyəti xalqımız 44 gün davam edən müharibə dövründə, başqa ərazilərdə də yaşadı. Erməni quldurlarının mülki əhaliyə, strateji əhəmiyyətli infrastruktura yönəlmiş təcavüzü, hərbi cinayəti təkcə Mingəçevirlə məhdudulaşmadı. İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan niyyətlərinə çata bilmədi. Artıq düşmənin sıradan çıxardığı obyektlər, dini ocaqlar, şəhər və kəndlər kimi, Mingəçevir də bərpa edilir. Dövlət başçımızın əzmkarlığı sayəsində istifadəyə verilən stansiya daha müasir görkəmdə, artırılmış istehsal gücündə fəaliyyətə başladı. Reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır. «Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında «8 Noyabr»ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq» söyləyən Prezident İlham Əliyevin daha önəmli uğurlara imza atacağına inanan xalqımız qurucu, yaradıcı ölkənin vətəndaşları olduqlarını birlikləri ilə subut edirlər.
Xuraman İsmayılıqızı, «İki sahil»