Rəqəmsal həllərin tətbiqi və innovativ təşəbbüslərdən istifadə ADY-nin fəaliyyətinə yüksək səmərəlilik və inkişaf gətirib
Dəmir yolu təkcə dəmir parçaısı deyil, həm də insan duyğularının bir hissəsidir. Çünki bu, həsrətliləri qovuşduran və yaxud tam əksinə, hicran ayrılıqlarının təməlini qoyan qatarları öz üzərində yırğalıya- yırğalıya irəli aparan bir yoldur. Elə ona görə də çox məşhur şarilərin şerlərində dəmiyolları şeriyyat kimi də yaddaşlarımıza hopdurulub. Məsələn, Məmməd Arazın şerində deyildiyi kimi,
İki ömür yolu, bir dəmir yolu....
Bizimcün dayanıb bu dayanacaq
Nə sənin mənim tək duyanın olub
Nə məni sənin tək duyan olacaq.
Bəlkə bu dogrunu yalana bukum
Bu hissə inanan cox az olacaq
Bir də ömrümuzə qayıtmaz bu gun
Birdə yolumuza cıxmaz bu qatar....
Və yaxud Ramiz Rövşənin şeiri:
Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.
Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.
Bunları yazmaqda məqsədim odur ki, dəmir yolu nəqliyyatı insanlarımız üçün nəqliyyat vasitəsi olmaqla bərabər, həm də bəzi məqamlarda onların hiss və duyğularını ifadə edəcək qədər diqqətçəkicidir. Bəlkə də mənim bu subyektiv fikirlərimlə razılaşmayanlar da var. Ancaq mən hələ gəncliyimdə dəniz sahilində və boş çöllərdə uzanan, insanın gözlərini sonsuzluğa qədər yoran dəmir yollarında bir əsrarəngizlik, bir sehr görürdüm. Sanki hər ikisi mənimələ həmdərd idilər, biri ləpələrinin pıçıltısı ilə, biri isə qatar təkərlərinin «musiqisi»ilə…
Büutün hallarda dəmir yollarının və qatarların bir insannın duyğulu anlar yaşatmaqdan başqa daha böyük bir vəzifəsi də var. Bu, nəqliyyat vasitəsi kimi ölkə əhalisinə və iqtisadiyyatına xidmətdir. Ona görə də indi Azərbaycanda dəmir yollarının inkişafı və ölkə əhalisinə xidmətinin keyfiyyətindən danışmaq istəyirəm. Xüsusi qeyd etmək istəyirəm ki, son 5 ildə bu sahədə ciddi inkişaf müşahidə olunur. Məsələn , hələ 2015-ci ildə Azərbaycan dəmir yolları haqqında yazdığım tənqidi məqaləni oxuyanda buna bir daha əmin oldum. Həmin məqaləni təqdim etməklə oxucularımızda son 10 il ərzində dəmir yollarındakı inkişafın mənzərəsini müqayisəli şəkildə vermək istədim. Məqalənin adı belədir: «Vaqonlar köhnə, xidmət bərbad… Və yaxud Azərbaycandaa sərnişindaşıma xidməti nə üçün hələ də ölkəmizdəki müasirləşmə ilə ayaqlaşa bilmir?»
Məqalədə göstərmişdi ki, indi ölkə vətəndaşı Avropa həyat tərzini yaşamaq iddiasındadır. Davamlı təbii qazı, enerjisi olan, müasir standartlara uyğun magistral yolları, geniş infrastrukturu qurulan ölkəmizdə insanların yeni iş yerləri ilə təmin olunması da sosial rifahı yüksəldən önəmli amildir. Xüsusən, son bir neçə ildə müasir infrastrukturların yaradılması , paytaxtın və eləcə də regionların sosial iqtisadi inkişafını sürətləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən onlarla dövlət proqramları imzalanıb. Onların bir çoxu artıq uğurla icra olunub və yüksək nəticələr mövcuddur. Lakin bu müasirləşmənin yan keçdiyi bir sahə də var ki-o da «Azərbaycan Dəmir Yoları» Qapaılı Səhmdar Cəmiyyətinin (QSC) sərnişindaşıma sahəsidir.
Məqalənin davamı: Bakı-Astara sərnişin qatarı ilə ölkəmizin cənub bölgəsinə getmişdim. Qatara minən kimi ilk hiss etdiyim, qəribə, cansıxıcı qoxu idi. Mənə elə gəldi ki, illərdir bu vaqonun isərisinə hava girməyib. Sonra kupeyə daxil oldum. Baxmayaraq ki, bayırda hava xoş idi, lakin kupenin icərisi sanki qaynayırdı. Belə hədsiz istidən sərnişinlər narahat olmuşdular , hətta bir nəfər bələdçiyə ürəyinin xəstə olduğuçu deyərək qatarın pəncərələrindən bir neçəsinin açılmasını xahiş etdi. Bu digər sərnişinlərin də tələbi idi. Amma qatar bələdçisi nə qədər çalışsa da pəncərələri açmaq mümkün olmadı. Ona görə ki, bu pəncərələr sanki mismarlanmışdı. Sərnişinlər içərinin mülayimləşməsi üçün bələdçidən qatarın peçinin söndürülməsini xahiş etsələr də bələdçi dedi ki, bu mümkün deyil, çünki o öz-özünə soyumalıdır. Səhərə yaxın isə peç söndü və kupelər soyudu. İndi də sərnişinlər üşüməyə başladılar. Bu dəfə də soyuqdan şikayətlənən sərnişinlərə bələdçi cavab verdi ki, daha bu peçi yandırmaq mümkün deyil.
Yenə də həmin məqalədən: Bu qatardakı vaqonlar köhnə idi. Hələ ötən əsrin 80-ci illərində rayondan Bakıya gəldiyim sınıq-salxaq vaqonlarını xatırdadırdı. Burada sərnişinlər üçün normal hava şəraiti yaratmaq mümkün deyildi. Tualeti, perronu bərbad vəziyyətdə, döşəküzləri saralmış, soluxmuş halda... Hətta bunlar bir yana, qatar 350-400 kilometrlik bir yolu təxminən 9-10 saata getdi. Ona görə ki, dəmir yolları da bərbaddır, bu yollarla teplovozun (iyirmi birinci əsrdə hələ də bizim dəmiryollarında teplovozdan istifadə edilir E.Z.) sürət həddi saatda 40-50 kilometrdən artıq olmur.
Əziz oxucum, yəqin mənim 10 il əvvəl yazdığım bu yazıdan da anladınız ki, dəmir yolu nəqliyyatı necə bərbad idi. Bəs indi bu sahədə vəziyyət necədir? Bu sualı cavablandırmaq üçün «Azərbaycan Dəmir Yolları» QSC-nin son bir neçə ildəki fəaliyyətinə nəzər yetirdik. Bu gün ölkəmizin dəmir yollarında İsveçrənin «Stadler Rail Group» şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT -(Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarları hərəkət edir. Qatarlar Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verilib. 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb. Həmçinin sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir «Stadler» qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranacaq.
Bundan başqa, ADY Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır. Belə ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda, əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək. Məlumat üçün bildirək ki, yeni istismara verilmiş FLIRT markalı birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.
Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər. Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.
Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan «ADY Mobile» tətbiqi istifadəyə verilib. Həmçinin sərnişinlərin «Google Pay» və «Apple Pay» kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70 faizi səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz «Wi-Fi» zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır.
Qeyd edək ki, son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında 2 milyon 979 min 167 sərnişin daşıyıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 412 min 949 sərnişin və ya 16,1 faiz çoxdur. Bu müddət ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 2 milyon 820 min 738 sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrünün nəticələri ilə müqayisədə 373 min 168 sərnişin və ya 15,2 faiz çoxdur. Bu ilin yanvar-aprel aylarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə 123 min 89 sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 849 sərnişin və ya 18,1 faiz çoxdur. Həmçinin , bu ilin ilk dörd ayında Bakı-Qəbələ-Bakı marşrutu üzrə 11 min 909 sərnişin daşınıb. O cümlədən, bu il qatarla səfər etmiş xarici turistlərin sayı 2 035 sərnişin və ya 33 faiz artaraq 8 281 nəfər olub. Hesabat dövründə Bakı-Balakən-Bakı marşrutu üzrə 23 min 431 sərnişin daşınıb.
Azərbaycan dəmiryolçularının həyatında ən dəyərli illər isə həm ikinci Qarabağ müharibəsində göstərdikləri fədakarlıqlar, həm də postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə dəmir yollarının bərpası idi. Yəni, Müzəffər Ali Baş Komandanın sərt dəmir yumruğunun qüdrəti dəmir yollarında da özünün təsdiqini tapdı. Postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda çəkilən dəmir yolları həm də düşmənin sinəsinə çəkilən çalın-çarpaz bir yol idi. Bunlardan biri də 2025-ci ilin 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksidir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb. Sərnişinlərin həm qatar perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçidi təmin olunub. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı yola salınıb.
Bütün bu inkişafla bərabər, ADY-dən ölkə əhalisinin mütləq gözləntiləri də var. Bu, cənub və şimal rayonlarımıza da yeni və müasir sərnişin qatarlarının açılışını təmin etməkdir. Çünki dəmir yolu sərnişinləri üçün həm ən təhlükəsiz, həm də ən sərfəli nəqliyyat vasitəsidir. Hələ ən müasir qatarlarla səyahət etmək isə qürurverici olduğu qədər də insanın rahatlığı üçün əsas amildir.
Elçin Zaman, «İki sahil»
Yazı «Azərbaycan Dəmir Yolları» QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu» mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.