Milli Məclis Azərbaycanla Çin arasındakı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqaviləni ratifikasiya edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.
Bildirilib ki, sənəd 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.
Müqavilə suverenlik, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda əsasında iki dövlət arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı səmərəli əməkdaşlığı təşviq etmək məqsədinə xidmət edir.
Sənədə əsasən, tərəflər məhkəmə və ya digər orqan tərəfindən sorğu və ya icra edilməsindən asılı olmayaraq bu Müqavilənin müddəalarına uyğun olaraq cinayət işləri ilə bağlı istintaq, cinayət təqibi və məhkəmə icraatı üzrə mümkün olan ən geniş qarşılıqlı hüquqi yardımı təmin edirlər. Bu cür yardıma cinayət mühakimə icraatı üzrə sənədlərin təqdim edilməsi, şəxslərdən şahid ifadələrinin və ya izahatların alınması və verilməsi, ekspert rəylərinin alınması və verilməsi, icraata cəlb edilən əmlak və maliyyə hesablarına dair araşdırmanın aparılması və məlumatların yoxlanılması, milli qanunvericiliyə aid məlumat mübadiləsi və s. aiddir.
Bu Müqavilənin məqsədləri üçün tərəflər bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, təyin edilmiş orqanlar - Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluq, Çin üçün Ədliyyə Nazirliyi və Ali Xalq Prokurorluğu vasitəsilə qarşılıqlı sorğu və yardıma aid məsələlərə dair bir-biri ilə əlaqə saxlayacaqlar.
Müqaviləyə əsasən, sorğu edilən tərəf öz milli qanunvericiliyinə uyğun olaraq və sorğu əsasında sorğu edən tərəfin göndərdiyi sənədlərin təqdim edilməsini həyata keçirir. Hüquqi yardım haqqında sorğunun icrası zamanı sorğu edilən tərəf maraqlı şəxslərin qanuni hüquq və mənafelərini, o cümlədən onların şəxsi məlumatlarını öz milli qanunvericiliyinə uyğun olaraq qoruyur.
Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.