Milli Ordumuz şərəfli inkişaf yolu keçib. Xüsusən Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra Azərbaycana rəhbərlik etdiyi illərdə ordunun kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, böyük hazırlığın yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilib.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyev yolunu ordu quruculuğu sahəsində də layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən əsarətindən xilas olunub.
“Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin öz yerini tutması naminə canından keçmiş şəhidlərimizin və qanlı döyüşlərdə yaralanmış, ölümlə üz-üzə dayanmış əsgər və zabitlərimizin igidliyi və fədakarlığı heç zaman unudulmayacaq. Bu gün Silahlı Qüvvələrimiz Azərbaycanın müstəqilliyi və suverenliyinin keşiyində sayıq dayanıb. İşğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri də layiqincə yerinə yetirir. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcək”, - deyə parlamentin sədri vurğulayıb.