11 iyun 2025 16:08
202

Azərbaycan və Dünya Bankı gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

"İki sahil" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazirin I müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri, Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı qəbul edib.

Görüşdə mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, Bankın müxtəlif sahələrdə maliyyələşdirdiyi layihələrin və göstərilən texniki yardımların ölkəmizin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə Bankın dəstəyi ilə həyata keçirilən və hazırda icrası davam edən dövlət maliyyəsinin idarə edilməsi sahəsində islahatlara dair texniki yardım və bu çərçivədə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.