Vətən sevgisi, şəhidlik və qəhrəmanlıq xalqımızın milli ruhunun ayrılmaz hissəsidir.
“İki sahil” xəbər verir ki, Qurban bayramı kimi mənəvi dəyərlərlə zəngin gündə Sumqayıtda yüksək əxlaqi addım atılıb – Vətən uğrunda canını fəda etmiş, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə ana ziyarət olunub.
Ziyarətdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə əməkdaşları, qazi Vüsal Şahbazov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Teymur Səmədov Səmayə ananı bayram münasibətilə təbrik edib, şəhər rəhbəri Zakir Fərəcovun salam və arzularını çatdıraraq, şəhid ailələrinin sosial rifahının hər zaman diqqət mərkəzində olduğunu bildirib. O, bu diqqətin yalnız vəzifə deyil, həm də vicdani borc olduğunu vurğulayıb.
Adil Xudadatov isə çıxışında şəhid və qazi ailələrinə göstərilən qayğının bələdiyyənin əsas prioritetlərindən biri olduğunu qeyd edib. O, Polad Həşimov kimi qəhrəmanların ailələrinə diqqətin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu bildirib.
Səmayə ana göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyev başda olmaqla bütün dövlət və şəhər rəhbərliyinə təşəkkürünü ifadə edib. O, şəhidlərin canı bahasına qorunan dövlətin sabitliyi və inkişafı üçün daim dua etdiyini bildirib.
Bu ziyarət, təkcə bir ailəyə deyil, bütün şəhid ailələrinə verilən bir mesaj idi: “Siz tək deyilsiniz.”