07 iyun 2025 18:18
168

Bakıda zəhərli ilanlar çoxalıb: Təbiət qisas alır?

Son günlər insanların məskunlaşdığı ərazilərdə, xüsusilə Bakıda və Abşeron yarımadasında ilanlara tez-tez rast gəlinir. Sözügedən situasiya ilə bağlı yayımlanan videoların sayı artıb. Evlərin həyətində, küçələrdə, mənzillərdə, hətta avtomobillərdə görünən bu canlılar bir çoxlarını təşvişə salıblar.

Bəs görəsən, ilanlar niyə yaşayış məskənlərinə doğru hərəkət edirlər? Havaların isinməsi bu artımın yeganə səbəbidir, yoxsa məsələ daha dərindir?

Mövzu ilə bağlı danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov qeyd edib ki, ilanlar, adətən, aprelin sonu, mayın əvvəllərində qış yuxusundan oyanaraq qidalanmaq, cütləşmək və nəsil artırmaq məqsədilə yaşadıqları yerləri tərk edirlər: "Məhz bu dövrdə onların aktivliyi artır. İnsanların ilanlarla daha tez-tez rastlaşmasının səbəbi də budur. İlanlar vətəndaşların yaşayış yerlərinə hücum etmirlər, sadəcə, yem axtarışında bu ərazilərdən keçirlər. Təbii yaşayış mühitlərinin daralması və urbanizasiya nəticəsində onların alternativ sahələrə, o cümlədən, insanların məskunlaşdığı yerlərə üz tutması qaçılmazdır".

Təvəkkül İsgəndərov bildirib ki, bəzən şəhər mərkəzində ilanlara rast gəlinməsi təəccüblü görünsə də, bu, onların həmin ərazilərdə daimi yaşaması anlamına gəlmir: "İlanlar üçün şəhərin mərkəzi əlverişli deyil. Orada onların gizlənə biləcəyi daşlı-kəsəkli sahələr, qidalandıqları gəmiricilər, qurbağalar və digər canlılar yoxdur. Bu səbəbdən həmin ərazilərdə daimi yaşamaq mümkün deyil. Belə hallarda ilanlar təsadüfən - məsələn, şəhərə daş, qum və digər tikinti materiallarının daşınması zamanı avtomobillərin altında gizlənmiş halda gətirilə bilərlər".

Alimin sözlərinə görə, Azərbaycanda, xüsusilə Abşeron yarımadasında yayılmış "Levant gürzəsi" adlı ilan zəhərli növlərdən biridir və insan həyatı üçün təhlükə yarada bilər. Bu ilan torpaq rəngində, qalın bədənli və qısa quyruqlu olur. Onun sancması əzələ qatına, xüsusilə arteriyalara təsadüf etdikdə ciddi tibbi fəsadlara, hətta ölümə səbəb ola bilər: "Əgər zəhərli dişi ilanın sancması bədənin iri damarlarına təsadüf edərsə, zəhər sürətlə ürək, beyin və digər həyati orqanlara çata bilər. Belə hallarda ölüm riski 15-20 dəqiqə ərzində ortaya çıxır. Zəhərli ilan sancması zamanı dərhal tibbi yardıma müraciət olunmalıdır. Zərdabın tətbiqi həyatqurtarıcıdır".

Mütəxəssis ilan sancması zamanı görülməli olan ilkin tədbirləri də izah edib: "Panikaya düşməmək və hərəkəti məhdudlaşdırmaq vacibdir, çünki sürətli hərəkət zəhərin daha tez yayılmasına səbəb olur. Sancma nahiyəsi bir qədər yuxarıdan yumşaq sarğı ilə bağlanmalıdır. Lakin bu sarğı müəyyən fasilələrlə açılıb yenidən bağlanmalıdır ki, qan dövranı tam dayanmasın.

Sancma yerini kəsmək, dağlamaq və ya isti ilə müdaxilə etmək olmaz - bu üsullar daha çox zərər verir. Əgər ağız boşluğunda yara yoxdursa, zəhəri ilk saniyələrdə sorub tüpürmək mümkündür, lakin bu üsul təhlükəli ola bilər və ehtiyatla yanaşmaq lazımdır.

Mümkün qədər çoxlu maye qəbul edilməlidir ki, böyrəklər zəhəri tez bir zamanda orqanizmdən xaric etsin. Əgər evdə zərdab varsa və ixtisaslı biri tərəfindən tətbiq edilə bilirsə, əzələyə vurulması tibbi yardıma qədər vaxt qazandıra bilər".

Mütəxəssis əlavə edib ki, ən vacib məsələ - zəhərli və ya zəhərsiz olmasından asılı olmayaraq, hər bir ilan sancmasını potensial təhlükə kimi qəbul edib, dərhal həkimə müraciət etməkdir.

Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla ilanların insanların yaşayış məskənlərində çoxalmasının arxasında insanın təbiətə olan münasibətinin dayandığını bildirib: "İlanlar da təbiətin bir parçasıdır və onların da yaşamaq haqqı var. Amma insanların bu canlıları sıxışdırması, onların təbii mühitini məhv etməsi nəticəsində ilanlar yaşayış məntəqələrinə gəlmək məcburiyyətində qalırlar".

Onun sözlərinə görə, Abşeron yarımadasında heyvanların yaşaması üçün, demək olar ki, heç bir xüsusi ərazi ayrılmayıb: "İnsanlar hər yeri zəbt ediblər. Elə bilirlər ki, yalnız özləri yaşamalıdırlar, digər canlılara yer yoxdur. Amma təbiəti bu şəkildə sıxışdırmaq sonda insanlara ciddi problemlər yaradır. Çünki həmin flora və faunada olan müxtəlif virus və mikroorqanizmlər zamanla insana ötürülərək yeni xəstəliklərin yaranmasına səbəb olur".

Adil Qeybullanın fikrincə, bu cür proseslərin nəticəsi kimi pandemiyalar da ortaya çıxa bilər: "Koronavirus pandemiyasının da kökündə təbiətlə insan arasında pozulmuş balans dayanır. Təbiətlə konfliktlər bu kimi qlobal bəlaların yaranmasına zəmin yaradır".

Ekspert, eyni zamanda, ilan sancmaları ilə bağlı da vacib tövsiyələr verib: "Panikaya düşmək olmaz; qaçmaq və kəskin hərəkətlər zəhərin sürətlə yayılmasına səbəb olur. Sakit qalmaq və tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatmaq vacibdir.

İmkan daxilində zərdab (antidot) vurulmalıdır. Azərbaycanda bunun üçün xüsusi mərkəzlər mövcuddur. İlan sancan nahiyəni yuxarıdan bağlamaq zəhərin yayılmasının qarşısını almağa kömək edir. Lakin bu bağlama iki saatdan artıq olmamalıdır; əks halda qan dövranı pozula bilər. Zərdab nə qədər tez tətbiq olunarsa, sağ qalma ehtimalı da bir o qədər yüksək olar".

"Təbiətə hörmət etməliyik. Hər canlıya yaşamaq haqqı tanımalı, onların məskunlaşma ərazilərini qorumağa çalışmalıyıq. Əks halda daha ağır nəticələrlə üzləşə bilərik", - deyə ekspert fikirlərini tamamlayıb.