06 iyun 2025 18:35
109

Ermənistanda Dövlət Komissiyası Paşinyanın feysbukdakı son dərəcə təhqiramiz yazısı ilə bağlı araşdırmaya başlayıb

Ermənistanın etika məsələlərinə də baxan Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı nalayiq postu ilə bağlı araşdırmaya başlayıb.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiyanın rəhbəri vəzifəsini icra edən Mariam Qalstyan bildirib.

“Biz yazı dərc olunduğu gün öz təşəbbüsümüzlə işin araşdırılmasına başlamışıq”, - o qeyd edib.

Qalstyan onu da bildirib ki, komissiya Paşinyanın bəyanatı ilə bağlı vəkil Ara Zöhrabyanın şikayətinə baxır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlamaması barədə qərar verəcək.

Müvəqqəti komissiya rəhbərinin sözlərinə görə, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə, o, ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz, çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir.

Xatırladaq ki, mayın 29-da hökumətin iclasında Nikol Paşinyan erməni kilsələrinin zibillə dolu şkaflara bənzədiyini bildirmişdi. Ertəsi gün Paşinyan feysbuk səhifəsində arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi əlaqədə olmaqda ittiham edib. Onun yazdıqlarının hərfi tərcüməsi ədəb hüdudlarını aşır.

Daha sonra o, katolikosu subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması və namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Ermənistan Apostol Kilsəsənin rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib.