Astara Pedaqoji Kollecində Astara Rayon Polis Şöbəsi və Astara Pedaqoji Kolleci Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə”, “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici tədbir keçirildi. Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Dövlət Himnin sədaları altında başlanan tədbiri giriş sözü ilə açan Astara Pedaqoji Kollecinin direktoru, professor Kamran Kazımov dedi:- Yaşadığımız müasir dövrdə rast gəlinən problemlər sırasında narkomaniya, korrupsiya və erkən nikah haqqında gələcəyimizin qurucuları olan indiki nəslin maarifləndirilməsi, bilgiləndirilməsi olduqca vacib bir missiyadır. Ona görə də tədbirimiz müəllim və tələbələr üçün çox vacib, həm də əhəmiyyətlidir.
“Hələ keçmiş sovetlər vaxtında ulu öndər Heydər Əliyev korrupsiyaya qarşı mübarizə aparır, onu sözdə yox cəsarətlə əməli olaraq həyata keçirirdi”- deyən Astara Rayon Məhkəməsinin sədri Bəxtiyar Məmmədov ardınca bildirdi ki, Heydər Əliyev ideyalarının davamçısı dövlət başçımız İlham Əliyev bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə sahəsində də ulu öndərin əməllərini davam etdirir, ölkəmizdə gənc nəslin tərbiyəsinə neqativ təsir göstərən amillərin qarşısını almaqdan ötrü mühüm addımlar atır.
Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizənin təşkili məqsədilə belə tədbirlərin həyata keçirilməsinin mühüm iş olduğunu söyləyən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov onu da dilə gətirdi ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadının doğrudulmasına, Vətənə layiqli övlad tək yetişməsinə çalışmalıdır. Lakin narkomaniyaya meyl edən gənclərə hələ də rast gəlinməsi təəssüf hiss doğurur.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxovanın çıxışı da tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənildi:- Bu tədbirin təşkilində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli fərmanı əsasında təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı(2019-2024-ci illər)”nın, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın müvafiq maddələrinin yerinə yetirilməsi, sağlam həyat tərzinin təbliği və tərənnümdür. Keçirilən belə tədbirlərin ən böyük əhəmiyyəti odur ki, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkmək, eləcə insan həyatında sağalmaz faciə olan zərərli vərdişlərdən uzaq durmaqda onlara vaxtında köməklikdir.
Kollecin müəllimi Aygün Səfərova isə bu günün ən vacib məsələsi olan erkən və qohumlar arasında nikahın yaratdığı fəsadlardan danışdı. Natiq bildirdi ki, erkən və qohumlar arasında qurulan nikahlar gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə ciddi zərbədir. Belə hallar, həmçinin fərdin psixi-mənəvi, bioloji cəhətdən inkişafına mənfi təsir göstərir. Onun sosiallaşmasına mane olur, gəncləri təhsildən yayındırır. Mən əminəm ki, bu sosial problemlərini aradan qaldırmasında son dövrdə Ailə Məcəlləsinə edilən vacib dəyişiklik düzgün addımlardan olacaq.
Tədbirin sonunda mövzular ətrafında tələbələrin sualları Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki A. Cəfərov tərəfindən cavablandırılıdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü