Xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, müstəqilliyə gedən yolun təməllərini formalaşdırdığını, soy-kökümüzə, milli adət-ənənələrimizə qayıdış prosesinin böyük çətinliklə ilk cığırlarını açdığını minnətdarlıqla xatırlayır və yüksək qiymətləndirir. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin ölçüyəgəlməz səyləri ilə keçmiş sovetlər birliyinin inkişaf etmiş bir respublikası oldu, qtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində böyük uğurlara imza atıldı.
Müdrik dövlət xadimi Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına nail oldu, gələcək müstəqilliyin əsaslarını formalaşdırdı. Heydər Əliyevin həmin dövrdə xalqın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycançılıq ideologiyasının müəllifinə çevrilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Sonralar - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəltdi.
Ölkəmiz parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqının çağırışlarına cavab verərək, böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıtdı, xilaskarlıq missiyasını davam etdirərək ölkəsinin nicatına çevrildi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirlməsi üçün böyük layihələr həyata keçirildi. Azərbaycan etibarlı tərəfdaş kimi dünyada qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, uğurlu neft strategiyası dövlətimizi qüdrətləndirdi. Yenidən əldə edilən müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində nəhəng işlər görüldü.
İllər sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri də həmin dövrdə atıldı. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin bizlərə ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan İlham Əliyevdir.
2003-cü ildə xalqın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyevin ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş reallıqlara uyğun davam etdirməsi nəticəsində misilsiz nailiyyətlər əldə edildi, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda lider dövlətə, eyni zamanda dünyanın modern və qüdrətli dövlətlərindən birinə çevrilərək, dünyada önəmli tərəfdaş kimi tanındı.
Prezident müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək, onu Zəfər zirvəsinə yüksəltdi.
Ulu Öndərin 102- ci doğum ili ölkəmiz üçün, hər bir azərbaycanlı üçün ikiqat əhəmiyyət kəsb edir. Belə ki, 2025-ci il Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyanın 30-cu, tariximizə qızıl hərflərlə yazılmış böyük Qələbəmizin isə 5-ci ildönümüdür. Bu il Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilib.
Ana qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyası və qüdrətli dövlət olmağın rəmzinə çevrilən Suverenliyimiz öz başlanğıcını Ulu Öndər Heydər Əliyev dühasından, onun ölməz ideya və ideallarından alır.
Ulu Öndər deyirdi ki, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır. Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam".
Bəli, Heydər Əliyev dühası Azərbaycanımızın dünəni, bu günü və sabahkı inkişaf yolunun əsas bələdçisidir! Azərbaycan Respublikası, onun Konstitusiyası, Müstəqilliyi və Suverenliyi Ulu Öndər Heydər Əliyevin özü və ideyaları kimi ölməzdir, əbədidir!
Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə,qadın,uşaq
məsələləri komitəsinin sədr müavini
Filologiya elmləri doktoru, professor