10 may 2025 11:13
78

Azərbaycan-Vyetnam əməkdaşlığında yeni persektivlər

Prezident İlham Əliyev "Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsi ilə Azərbaycan-Vyetnam əməkdaşlığında yeni perspektivlərin anonsunu verdi.

Azərbaycan-Vyetnam əməkdaşlığının tarixi haqqında danışan Ptezident İlham Əliyev Azərbaycanı ilə  Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin  birləşdirdiyini bildirdi. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin  iki dövlət arasında münasibətlərdə yeni səhifə açdığını və onların gələcək inkişafına təkan verdiyini söyləyən dövlət başçımız 2014-cü ildə Vyetnams dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərini xatırladaraq, bu səfərlərin iki dövlət arasında münasibətlərdə yeni səhifə açdığını və onların gələcək inkişafına təkan verdiyini vurğuladı. 

İki ölkənin neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrini əhatə edən işgüzar dairələrin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildiyini, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elm və texnika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradıldığını bildirdi.

Hər iki ölkənin xarici işlər nazirlikləri xətti ilə siyasi məsləhətləşmələr aparılmaqda, parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərməkdədir.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 
Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda, mədəniyyət, humanitar və təhsil sahələrində həyata keçirtdiyimiz əməkdaşlığın kökləri sovet dövrünə gedib çıxır. Bu əlaqələr son illərdə daha da inkişaf etməkdədir.

Hələ sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlının təhsil aldığını, onların bir çoxunun hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutduğunu söyləyən Prezident İlham Əliyev,  2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşdüyünü, onların ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdiklərini, 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis edildiyini açıqladı.

Prezident bildirdi ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama  səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.

Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələr üzrə uğurla inkişaf etdiyini bir daha vurğulayan Prezident İlham Əliyev, Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağını bildirdi. Dövlət başçımız,
tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisənin böyük siyasi əhəmiyyətə malik olduğunu,  bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirdiyini vurğuladı.

Prezident qeyd etdi ki,  ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər.

Jalə Əliyeva
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq
məsələləri komitəsinin sədr müavini