10 may 2025 14:31
99

Ermənistanın təxribatları tükənmək bilmir - ŞƏRH

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barəd Müdafiə Nazirliyindən məlumat verilib. Halbuki Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 May – Faşizm üzərində Qələbə Günü ilə bağlı xalqa təbrik mesajında deyib ki, bu gün bizim də regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var: “Saziş layihəsi artıq razılaşdırılıb, biz sülh yolu ilə gedəcəyik. Bölgəmiz sülh şəraitində və firavan yaşamaq haqqını qazanıb, belə də olmalıdır. Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə olmayacaq, sülh olacaq”. 

Elə isə sual olunur: Bu mesajdan heç bir gün keçməmiş Azərbaycanın Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmaq nə deməkdir?  Təxminən bir ay bundan əvvəl də Ermənistan baş naziri parlamentdəki çıxışında ölkəsi ilə Azərbaycan arasında müharibənin qarşısını almaq və sülh qurmaq barədə oxşar mesaj vermişdi. Əgər Paşinyan doğrudan da, Azərbaycanla sülhə gəlmək istəyirsə, niyə konkret addımlar atmaq istəmir? Daha doğrusu, rəsmi Bakının məntiqi və beynəlxalq hüquqa söykənən tələblərini niyə yerinə yetirmir?  Niyə Ermənistan hələ də bölgədə möhkəmlənmək, Cənubi Qafqazda yeni siyasi balans yaratmaq istəyən Qərbin, xüsusilə Fransanın dediyi ilə oturub-durur? Şübhəsiz, bütün bunlar Paşinyan və onun komandasını növbəti yalanından başqa bir şey deyil. Çünki indiyə qədər sülh sazişi ilə bağlı o qədər belə ifadələr işlədib ki, artıq Paşinyanın səmimiyyəti şübhə doğurmaya bilməz. Digər tərəfdən Ermənistan müdafiə qabiliyyətinin möhkəmləndirilməsi adı altında Fransanın, Hindistanın, Yunanıstanın yardımı ilə sürətlə silahlanmaqda davam edir. Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə Yunanıstanda növbəti dəfə səfərdə olması bunu bir daha təsdiq edir. Papikyan yunan həmkarı Nikos Dendiasla görüşdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ermənistan–Yunanıstan formatında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.

Ermənistan həm də şərti sərhəddə törətdiyi təxribatları ört-basdır etməyə çalışır. Belə ki, Ermənistan mətbuatının yazdığına görə, guya mayın 9-da saat 22:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sünik rayonunun Xnatsax qəsəbəsi istiqamətində atəşə tutublar, nəticədə yaşayış binasının dam örtüyü zədələnib. Bu isə o deməkdir ki, təcavüzkar ölkə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Halbuki Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ordusunun mülki əhalini və obyektləri hədəf seçməyib. Elə birgünlük lokal antiterror əməliyyatı zamanı heç bir mülki əhalinin burnunun qanamaması, heç bir mülkü obyektin zədələnməməsi  bunu bir daha təsdiqidir. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür.

Ermənistan unutmasın ki, bu kimi təxribatlarla, eləcə də dezinformasiylarla çox da uzağa gedə bilməyəcək. Bu həqiqəti isə zaman dəfələrlə göstərib, eyni zamanda sübuta yetirib. 30 il müddətində öz dezinformasiyaları ilə ərazilərimizi işğal altında saxlamağa, şəhər və kəndlərimizi viran qoymağa, öz vandallıqlarını ört-basdər etməyə nail olmadılarmı? Bəli, onlar illərlə bu yolla haqqımızı tapdaladılar. Çətinliklərə rəğmən, Azərbaycan müdrik addımları ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməyi bacardı.  Görünür, bu  təcavüzkara hələ də dərs olmayıb.

Bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibidir. Odur ki,  paşinyanlar nə qədər cəfəngiyyatlar uydursalar da, beynəlxalq aləmdə haqqımızda mənfi rəy yaratmağa çalışsalar da, rəsmi Bakını tutduğu  mövqeyindən döndərə bilməyəcəklər. 

Qvami Məhəbbətoğlu, “İki sahil”