Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro Lvova səfəri zamanı deyib.
“Biz tezliklə elan edəcəyik ki, dondurulmuş aktivlərdən əldə edilən gəlirin istifadəsi sayəsində Fransa öz müəssisəsi (Fransa-Almaniya müdafiə konserni - Qeyd) vasitəsilə Ukraynaya verilən “Caesar” silahlarına texniki xidmət göstərə biləcək ”, - deyə o əlavə edib.
Söhbət Avropa Birliyi və “G7” ölkələri tərəfindən Ukraynaya hərbi müdaxiləsindən sonra dondurulmuş təxminən 300 milyard avro dəyərində olan Rusiyanın aktivlərindən gedir. Bu, Rusiyanın valyuta ehtiyatlarının demək olar ki, yarısıdır.
Ümumilikdə Fransa Ukraynaya 140-a yaxın “Caesar” haubitsasını təhvil verib. Onlar bir dəqiqədən az müddətdə yüksək dəqiqliklə 40 km-ə qədər məsafəyə malik altı mərmi atırlar.