09 may 2025 18:28
122

Qətərdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində tədbir keçirilib.

"İki sahil" səfirliyə istinadla xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndərin səfirliyin inzibati binasının foyesindəki portreti önünə gül çələngi qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Adış Məmmədov Ümummilli Liderin xalqımızın tarixində əvəzsiz xidmətlərindən və dövlət quruculuğu sahəsində gördüyü işlərdən söz açaraq, Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu, demokratik cəmiyyəti formalaşdırdığını, ölkənin sabitliyini və inkişafını təmin etdiyini bildirib. Diplomat vurğulayıb ki, ölkəmizin ən çətin günlərində, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq, əbədi etmək üçün, harada yaşamasından asılı olmayaraq, hər kəsi bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirib.

A.Məmmədov bildirib ki, işğal olunmuş torpaqlarımızı azad görmək Ulu Öndərin ən böyük arzusu idi. Bu gün Ümummilli Liderin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilik işğala son qoyub, tarixi ədaləti bərpa edərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edib. O, Ümummilli Liderin torpaqlarımızın işğalına son qoyulacağına inamını heç vaxt itirmədiyini, çıxışlarında bir gün torpaqlarımızın işğaldan azad olacağını daim əminliklə səsləndirdiyini diqqətə çatdırıb. Səfir çıxışında, həmçinin deyib ki, Ulu Öndər Azərbaycanın təhlükəsizliyinin və gələcək iqtisadi inkişafının təminatı olaraq, dünyanın nəhəng neft korporasiyalarının sərmayələrinin Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə, böyük neft müqavilələrinin imzalanmasına nail olub və Azərbaycan neftinin dünya bazarına çıxışını təmin edən Bakı-Ceyhan neft kəmərinin tikintisi kimi nəhəng layihənin memarı olub.

A.Məmmədov Azərbaycanın yerləşdiyi mürəkkəb regionu nəzərə alan Ulu Öndərin dahi zəkası sayəsində, ölkəmizin növbəti onilliklər ərzində müstəqil siyasi və iqtisadi siyasətinin formalaşdığını bildirib. Səfir, həmçinin vurğulayıb ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin peşəkar idarəçiliyi ilə bu gün Azərbaycan regionun güclü dövlətinə çevrilib, beynəlxalq münasibətlər sistemində respublikamızın nüfuzu gündən-günə artıb.

Tədbirə gələn qonaqlar səfirliyin foyesində yaradılmış Heydər Əliyev guşəsində Ümummilli Liderin sovet və müstəqil Azərbaycan dövründəki fəaliyyətini əks etdirən, müxtəlif xarici dillərdə dərc olunmuş zəngin kitablarla tanış olublar.