22 aprel 2025 19:37
105

Naxçıvanda istedadlı şagirdlərlə görüş keçirilib

Aprelin 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə muxtar respublika və ölkə üzrə keçirilən olimpiadaların finalçıları və buraxılış imtahanlarında yüksək nəticə göstərən istedadlı şagirdlərlə görüşüb.

“İki sahil” xəbər verir ki, səlahiyyətli nümayəndə görüşdə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsilin davamlı inkişafını, maddi-texniki təminatın yüksəldilməsini daim diqqətdə saxladıqlarını, bu istiqamətdə böyük addımlar atıldığını bildirib. Qeyd olunub ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Muxtar respublikada məktəblər ən müasir tələblər əsasında qurulur, elektronlaşma, kompüterləşmə prosesləri davam etdirilir.

Səlahiyyətli nümayəndə olimpiadalarda və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri təbrik edib, onların müəllim və valideynlərinə təşəkkürünü bildirib, hər bir şagirdə dərslərində, imtahanlarında və gələcək həyatlarında daha böyük uğurlar arzulayıb.

Buraxılış imtahanlarında 300 bal toplayaraq maksimum nəticə göstərmiş Səma İsmayılova və İbrahim Heydərov, eləcə də imtahan və olimpiadalarda fərqlənən şagirdlərin hər biri uğurlarından danışıb, gələcək arzularını və məqsədlərini diqqətə çatdırıb, yaxşı təhsil almaları üçün yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdlərin ölkə və beynəlxalq səviyyəli olimpiadalarda iştirakı ilə bağlı görülmüş işlər, nəticələrin əvvəlki illərlə müqayisəli təhlili və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Nazir qeyd edib ki, 2024-2025-ci tədris ilində 11-ci siniflər üzrə buraxılış imtahanlarında 466 şagird 200-dən, 302 şagird 250-dən yuxarı bal toplayıb, 2 nəfər maksimum nəticə əldə edib. Təhsil naziri diqqətə çatdırıb ki, ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən PISA Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri də bu il ilk dəfə olaraq bu layihəyə qoşulacaq. Tədqiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur.

Elxan Nəcəfov qeyd edib ki, şagirdlərin olimpiadalarda iştirakı onların imtahanlara daha yaxşı hazırlanması və motivasiyası baxımından böyük önəm kəsb edir. Buna görə də istedadlı şagirdlərin fənn olimpiadalarında iştirakına diqqət artırılıb. 2021-2023-cü illərdə keçirilən olimpiadalarda 10 min 34 şagird iştirak etmişdisə, 2023-2025-ci illərdə 45 min 331 məktəbli olimpiadalara cəlb olunub. Cari tədris ilində 18 şagird keçirilən müxtəlif olimpiadalarda yüksək nəticə göstərərək final mərhələsinə yüksəlib.

Təhsil naziri olimpiadalara hazırlığın daha mütəşəkkil təşkili məqsədilə atılacaq addımlar barədə də məlumat verərək bildirib ki, muxtar respublikada “Olimpiada Mərkəzi”nin yaradılması nəzərdə tutulur. Bu isə istedadlı gənclərin inkişafına böyük təkan verəcək, onların respublika və beynəlxalq səviyyədə uğurlarını daha da artıracaqdır.

Sonra Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin imkanları, eləcə də peşə liseyi ilə tanışlıq olub.