Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarının nümayəndələri üçün məlumat sessiyası təşkil edib.
“İki sahil” xəbər verir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda keçirilən tədbir 27 media nümayəndəsinin iştirakı ilə gerçəkləşib.
Tədbirin açılışında İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyi ilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışıb. Eyni zamanda, V.İbayev İnstitutun jurnalistlər üçün faydalı ola biləcək resursları və tədbirləri barədə məlumat verib.
Bildirilib ki, mətbuat orqanlarının fəaliyyətə başladığı dövrdən mediada yayımlanan materiallarda insan hüquqlarının pozulması həmişə aktual olub. Bunun qarşısını almaq mümkünsüzdür. Lakin media orqanlarında nəşr olunmuş materialların monitorinqi aparılır və monitorinqlərdə əldə edilən məsələlər media orqanları ilə keçirilən təlimlərdə müzakirə edilir. “Cəmiyyətin normal həyat fəaliyyətinin təmin edilməsində insan hüquqlarının əhəmiyyəti nəzərə alınmaqla, onların təminatına, müdafiəsinin mexanizm və prosedurlarına xüsusi diqqət yetirilməlidir. Dövlətdə insan hüquqlarının təmin olunub-olunmaması bir çox sahələrə, iqtisadiyyata, iqtisadi inkişafa ciddi təsir edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq həmin konstitusiyada təsbit edilmiş hüquqlar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunmalıdır. Bunun üçün isə beynəlxalq mexanizmlərin təcrübəsinin öyrənilməsi və nəzərə alınması günümüzün tələbi kimi qiymətləndirilir", - deyə o vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsində medianın qarşısında duran əsas vəzifələrdən danışıb. O bildirib ki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinin cəmiyyətə düzgün çatdırılması medianın əsas məsuliyyətlərindəndir.
N.Məmmədli, həmçinin medianın demokratik dəyərlərin təbliğində etibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini vurğulayıb.
İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsən oğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbit olunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədə geniş təqdimatla çıxış ediblər. Bununla yanaşı, Konstitusiyada təsbit edilən təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, ana dilindən istifadə, mülki və siyasi hüquqlarla bağlı məsələlər müzakirə olunub.
Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.